Çinin Superliqa təmsilçisi "Şanxay Şenxua" və Rusiyanın premyerliqa mənsubu "Rubin"dən təklif alan Leandro Andrade hələ uzun müddət “Qarabağ“da qala bilər.
Ağdam klubu Kabo-Ferde yığmasının üzvü ilə əməkdaşlığın müddətini uzatmaq niyyətindədir.
“Köhlən atlılar“ sözləşməsi gələn ilin yayında bitəcək yarımmüdafiəçiyə yeni kontrakt təklif edib.
Avropa Liqasının pley-off mərhələsinin iştirakçısı afrikalı legionerlə 2028-ci ilədək birgə çalışmağı planlaşdırır.
Andrade 2022-ci ilin yayından “Qarabağ”da oynayır. O, bu mövsüm bütün turnirlərdə 10 qol vurub, 9 qolun ötürməsini verib.
24 yaşlı əcnəbi “Qarabağ“ın müqaviləni uzatmaq çağırışına hələ birmənalı yanaşmır. Gözünün biri Çində, biri də Rusiyadadır.
Bu iki ölkədən aldığı təklifin ağlını alıb apardığını söyləyə bilərik.
"Şanxay Şenxua" Andradeyə görə 2,5 milyon avro təzminat ödəməyə hazırdırsa, "Rubin" 1,5 milyon avro təklif eləyib.
Səbəbkarın önünə qoyulan məbləğ də göz qamaşdırır - illik 600 min avro maaş!
SPORTİNFO.AZ

