“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İctimai” kanala müsahibə verib.
O, Azərbaycan futbolunun çoxsaylı problemlərindən və zəif cəhətlərindən danışıb.
Uşaq futbolunun yaxşılaşdırılması, stadionların süni ot örtüyü ilə döşənməsi və futbola ayrılan maliyyə kimi ciddi məqamlara dair gileyini dilə gətirib.
Ad çəkməsə də, bildirib ki, AFFA-nın qarşısına hansı məqsədin qoyulmasından xəbərsizdir. Federasiyanın fəaliyyətindən dolayısı ilə şikayətlənən Qurbanov deyib ki, bir çox çətinliklərin həlli elə AFFA-dan asılıdır.
Ağdam klubundakı işlərindən söz açan təcrübəli mütəxəssis qeyd edib ki, Abdulbarı Gözəl ümumilli lider Heydər Əliyevə verdiyi vədi yerinə yetirib, «Qarabağ»ın bu səviyyəyə qalxması naminə hərtərəfli dəstək olub.
Müsahib jurnalistin milliyə mümkün dönüşlə bağlı sualını da cavablandırıb. Belə anlaşılıb ki, hazırkı AFFA rəhbərliyi tərəfindən aldadılsa da, ölkənin əsas komandasına qayıdışı gerçəkləşə bilər.
Bunun üçün qurumda dəyişiklik olmalıdır. O, «indiki halda toplananların yeri dəyişsə də, cəm dəyişmir» prizmasından çıxış edib, bununla belə, yeni gələcək yönətimə açıq qapı buraxıb.
SPORTİNFO.AZ

