Bu, «Qarabağ»ın ənənəsidir - mövsüm ərzində 3-4 dəfə «brak» oyun keçirmək.
«Kəpəz» onların rəqibi deyil.
Biri çempionluq, digəri də Premyer Liqada qalmaq uğrunda mübarizə aparır.
«Qarabağ» onu Qəbələdə asan oyun gözləmədiyini bilirdi.
Həmçinin bilirdilər ki, «Kəpəz» müqavimət silahından istifadə etməyə çalışacaq. Sadəcə, təsəvvür etməmişdilər ki, hesab son anda müəyyənləşəcək.
Buna hazır deyildilər. «Braqa»nı ağlında gəzdirən «Qarabağ» meydana optimal heyətlə çıxmadı. Liderlər qrupunu təşkil edənlərin əksəriyyəti ehtiyatda idi.
Ehtiyat skamyanın daimi üzvləri ilk dəqiqələrdən oyunda idi və qeyd etməliyik ki, özülərini Qurban Qurbanova göstərməyi bacarmadılar. Praktik hazırlığın aşağı səviyyədə olması «Qarabağ»ın sıradan bir komanda görüntüsünü yaratdı.
63 dəqiqədə dörd əvəzetmə - Qurban Qurbanovda hərdən belə riskli manevrlər olur. Aparıcı simaları eyni anda meydana buraxdı.
Onlar isnişməmiş «Kəpəz» hesabı açdı, ardınca da «Qarabağ» tarazlığı bərpa etdi.
Yassin Benzianın başına gəlmiş iş komandanın da başında çatlayacaqdı. Alın nahiyəsindən zədə alan fransalı cəmi 8 dəqiqə yaşıl sahədə qala bildi, buna rəğmən, 90+5-də çalınan penalti fiti Toral Bayramovun qələbə qolunu vurmasına yol açdı.
Ehtimal edirəm ki, Qurbanov artıq iknci heyət barədə rəyini qətiləşdirəcək. Zubir, Cəfərquliyev, Mustafazadə və Juninyo oyunun başından bəri meydanda yoxdursa, bu onu narahatlıq içində saxlayır.
Sakitləşdirici dərman isə adlarını çəkdiyimiz futbolçulardır. Bu oyunçularsız «Kəpəz»i udmaq da zülmə dönəcəksə, Qurbanov neyləyir digərlərini?
Bir neçəsini yayda göndərsə, «düz edirəm» deyəcəm.
MUSA

