Builki çempion «Qarabağ»dır. Görən, bunun belə olmayacağına şübhə edən varmı ta?
Qurban Qurbanov öz yoluyla gedir yenə.
İkinci dövrədə sürpriz məğlubiyyət aldıqları «Araz-Naxçıvan»a bu dəfə ciddi yanaşdılar və istədikəri 3 xalı sökə-sökə almadılar, rahat qazandılar.
«Qarabağ» nəticəni ilk hissənin ortasında özüyçün müəyyənləşdirdi. Avtqolla hesabı erkən açıb, Abdulla Zubirlə fərqi ikiyə çatdırdılar.
Fransalı vinger ikinci hissənin əvvəlində dublunu rəsmiləşdirincə, qonaqların «fatihə»si verildi.
«Qarabağ» hesabı 4-5 topluq həddə, hətta ondan da yuxarıya çatdıra bilərdi. Bilmək işin yarısıdır. Məncə, oyunun son yarım saatında rahatlaşmadılar, sadəcə, güclərini qorudular.
«Qarabağ» potensialının 20-30 faizindən istifadə etməklə, bu matçı öz aktivinə yazdı.
Özünü «Braqa» üçün qoruyan komandanın mövcud durumu Avropa Liqasında mərhələ keçməyə yetərlidirmi? Optimist olmaq istəyirəm, amma…
«Braqa» başqa səviyyədir, «Berqa», yaxud «Azərçay» deyil, qabağına qoyub, «Araz» kimi qurtum-qurtum içəri ötürəsən.
İki hazır legioneri ona kimi tapıb gətirmək mümkün olsa… Vaxt azdır, amma müdafiə və hücum xəttinə təqviyyə zəruridir.
Azından «iki transfer» deyirəm. Yarımmüdafiənin sağ cinahına da yeni futbolçu alınsa, Qurban Qurbanovun işi bir xeyli yüngülləşər.
MUSA

