“Braqa” və “Qarabağ” eyni səviyyədə olan klublardır”.
Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində Portuqaliya “Braqa”sına qarşı keçirəcəyi oyunlarla bağlı danışarkən deyib.
Təcrübəli mütəxəssis Braqa təmsilçisinin Portuqaliyanın iddialı komandalarından biri olduğunu bildirib:
“Benfika” və Portu” yerli liqada ən güclü klublar sayılsalar da, “Braqa” da hər zaman özünü yaxşı tərəfdən göstərən kollektivdir. Şansların bərabər olduğunu hesab edirəm.

Lakin indiki vəziyyətdə “Qarabağ”ın oyun üslubunu daha yaxşı bildiyim üçün “köhlən atlar”ın mərhələni keçəcəyinə inanıram”.
Futbol karyerası ərzində Portuqaliyanın “Vitoriya” və “İmortal” klublarında çıxış etmiş V.Qasımovun sözlərinə görə, sözügedən ölkədə daha çox texnikalı futbola önəm verilir:
“Qarabağ” da bu tərzdə çıxış etdiyinə görə oyun üslubu “Braqa”ya bənzəyir”.
“Qarabağ” “Braqa”ya qarşı ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

