COP29

Qurban Qurbanov bu futbolçusundan razıdır, ya yox?

8 Dekabr 2023 02:00 Qarabağ 614
Qurban Qurbanov bu futbolçusundan razıdır, ya yox?

"Qarabağ"ın bu mövsüm diqqət mərkəzində olan bir futbolçusu da Juninyodur.

27 yaşlı hücumçu bu ilin yayında Portuqaliyanın yüksək liqa təmsilçisi "Şaviş"dən transfer olunub.

O, bu mövsüm üçün Ağdam klubunun bombardiridir. Juninyo bütün turnirlərdə keçirdiyi 25 oyunda 14 qol vurub. Olavio həmçinin 11 qolla (15 matç) Misli Premyer Liqasında bombardirlər siyahısına başçılıq edir.

Braziliyalı futbolçunun Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a faydası az dəyməyib - bu yarışda iki dəfə rəqib qapısına yol tapıb.

"Hekken"lə İsveçdəki səfər matçında (1:0) komandasının yeganə qolunun müəllifi olub. Onun "Molde" ilə Norveçdəki son qarşılaşmada (2:2) fərdi ustalığı sayəsində vurduğu qol da qeyd edilməlidir.

Ümumən Juninyonun "Qarabağ"da bugünə qədərki çıxışını qənaətbəxş hesab etmək olar. Bu futbolçu qollar vurmaqla yanaşı, hücum xəttindəki fəallığı, mübarizə əzmi ilə də seçilir. Bununla belə, ondan gözləntilər də çoxdur.

Məsələn, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov hesab edir ki, Juninyo komandasına daha çox fayda verə bilər.

Təcrübəli mütəxəssis qeyd edir ki, Juninyonun indiki çıxışı pis olmasa da, öz üzərində bundan sonra da işləməlidir.

Ağdam klubunun baş məşqçisi "Qəbələ" ilə Premyer Liqanın 15-ci tur matçından sonra təşkil olunan mətbuat konfransında braziliyanın çıxışı ilə bağlı sualı da cavablandırıb.

Yeri gəlmişkən, 3:0 hesabı ilə başa çatan bu görüşdə qonaq komandanın qapısından sonuncu qolu da məhz Juninyo keçirdi.

Q.Qurbanov deyib ki, Juninyonun Azərbaycandakı çıxışı əvvəlki komandası "Şaviş"dən daha yaxşıdır.

"İki il öncə də onunla maraqlanmışdıq. Sadəcə transfer alınmamışdı. Amma o vaxtlar da oyununu izləyirdik.

Əlimizdə imkan düşdü və bundan maksimum yararlana bildik. Son vaxtlar onun perfomansı pis deyil. Amma tam razı da deyiləm. Həm mən, həm də futbolçu daha yaxşı Juninyo görmək istəyirik".

Baş məşqçinin fikrincə, Juninyo öz üzərində işləməlidir: "Onun daha da yaxşılaşdırmalı olduğu çox element var. Amma ümumən kollektivə də, ölkəyə də uyğunlaşır. Mental olaraq da belədir".

Q.Qurbanov deyir ki, Juninyonun statistikasında razı ola bilər: "Amma o, hələlik tam istədiyim Juninyo deyil".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"