
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin və "Qalatasaray"ın futbolçusu Nazlıcan Parlak sportal.az-a müsahibə verib.
- Milli komanda son olaraq Millətlər Liqasının oyununda Monteneqronu Bakıda 3:0 hesabı ilə məğlub edə bildi. Görüşlə bağlı fikirləriniz necədir?
- Qrupdakı ən önəmli matç idi. Liderlik görüşünə çıxmışdıq və azarkeşlərimizin qarşısında qələbə qazandıq. Çox şadıq. Amma hələ hər şey bitməyib. Son oyunlarımızı da qalib gələrək qrupdan çıxacağıq.
- Monteneqro ilə görüşdən əvvəl uzun yol qət edərək Farer adalarına yollanmışdınız. Ardıcıl qələbələri nəyə borclusuz, xarakterə, yoxsa fiziki durumunuz çox yaxşıdır?
- Farer adalarını evində məğlub edərək Bakıya yüksək əhval-ruhiyyə ilə yollanmışdıq. Lakin həqiqətən çətin səfər olmuşdu. Komandamız yorğun idi. Bu matç da önəmli idi və onun fərqindəydik. Bütün çətinliklərə rəğmən çıxıb mübarizə apardıq, qazandıq.
- A milli üç oyunluq qələbə seriyasının davamını Kipr və Farer adaları ilə görüşlərdə də gətirə biləcək?
- Biz çox yaxşı hazırlaşırıq. Qrupda məğlub edə bilməyəcəyimiz komanda yoxdur. Son iki görüşü də mütləq qazanacağıq. Liderliyi sona qədər daşıyacağımıza inanırıq. Qazanılan qələbələrlə də, bunu edə biləcəyimizi göstərdik.
- Millinin uğurlu nəticələrindən sonra artıq çoxları böyük turnirlərdə iştirakınızı düşünür. Avropa və dünya çempionatının finallarında oynaya biləcəyinizə inanırsız?
- Hər keçən il daha da yaxşıya doğru gedirik. İnkişaf edirik. Daha da yaxşı olacağını, daha yaxşı yerlərə gələcəyimizə əminəm.
- Yığmadakı futbolçuların əksəriyyəti legioner həyatı yaşayır. Səncə, millimizin uğurlu nəticələrində bunun təsiri var?
- Əslində, milli forma geyindiyimiz formaların ən dəyərlisidir. Biz burada bayrağı və xalqımızı təmsil edirik. Hamımız meydanda ən yaxşısını etmək istəyirik. Uğurlu nəticəmizin sirri də budur.
- "Qalatasaray"da işlərin necə gedir? Millidəki uğurlu performansın klubundakı karyerana necə təsir göstərir?
- Həm milli, həm də klubda hər şey yolunda gedir. Millidə qələbələr qazandıqdan sonra kluba daha yüksək motivasiya ilə qayıdırıq. Klubda da işimizə eyni motivasiya ilə davam edirik.
- Azərbaycanın kişilərdən ibarət A millisində "Qalatasaray"da oynayan və görünən odur ki, oynayacaq hələ futbolçu yoxdur. Lakin qadınlardan ibarət millimizdə "Qalatasaray" və "Fənərbaxça" kimi klublarda karyerasını davam etdirənlər. Bu məsələ haqda nə düşünürsən?
- Kişi futbolunda işlər bir az daha çətindir. Rəqabət çox yüksəkdir, oyunçular adətən Avropadan alınır. Ancaq istisnalar olacaq. Çünki istedadlı oyunçularımız var. Allah qoysa, bizdən də oralara gedən futbolçular olacaq.