"İlk hissədə istədiyimiz oyunu göstərə bilmədik, daha çox səhvə yol verdik".
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Neftçi"nin qadınlardan ibarət komandasının baş məşqçisi Siyasət Əsgərov Gürcüstanda yerli “Lançxuti” kollektivinə uduzduqları (1:2) Çempionlar Liqasının I mərhələsinin ikinci oyunu ilə bağlı danışarkən deyib.
"Təəssüflər olsun ki, futbol səhvləri sevmir. Belə olan halda rəqib səni cəzalandıracaq.
İkinci yarıda daha yaxşı təsir bağışladıq. Hesabı da bərabərləşdirdik.
Qısa müddət sonra müdafiədə yenidən səhvə yol verdik və qapımızda qol gördük. Yenidən tarazlığı bərpa etmək istəsək də, alınmadı. Qol şanslarımız da oldu. Amma dəyərləndirə bilmədik", - deyə mütəxəssis bildirib.
Siyasət Əsgərov komandada gənc futbolçuların yer aldığını və bu turnirin onlar üçün də böyük təcrübə olduğunu diqqətə çatdırıb.
"Ağ-qaralar" ilk matçında Avstriya təmsilçisi “Sankt-Pölten”ə uduzmuşdu - 0:5.