Türkiyədə futbol oynayan azərbaycanlı qız: "Fikir vermirəm"

16 İyun 2023 02:20 Qadın futbolu 829
Türkiyədə futbol oynayan azərbaycanlı qız: "Fikir vermirəm"

Qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Əhmədov bu mövsüm Türkiyədə çempionluq yaşadı.

Milli komandamızın aparıcı üzvü "Fomget"in heyətində qızıl medallara sahib çıxdı.

23 yaşlı müdafiəçi buna qədər “Okjetpes”, “ALG Spor”, “Çaykur Rizəspor”, “Lançxuti”, "Rubin" kimi klublarda da oynamışdı.

Sportinfo.az xəbər verir ki, sportal.az -a müsahibə verən Əhmədova Türkiyədə qazandığı çempionluqdan və karyerası ilə bağlı gələcək məqsədlərindən danışıb.

- Türkiyədə çempionluq qazandınız. Mövsümün əvvəli komanda yığılanda sonda çempion olacağınıza inanırdınız?

- Bəli, mövsümün əvvəlindən çempionluq üçün çalışırdıq. Bütün planlarımız da buna hesablanmışdı. Hamının düşüncəsi çempionluğu qazanmaq idi. Çempion olmaq üçün çox çalışdıq. Hamımız inandıq və sonda istədiyimizə nail olduq.

- Mövsümün həlledici məqamı hansı idi ki, həmin anda çempion olacağınıza əmin oldunuz…

- Final görüşündə 90+8-ci dəqiqə gedirdi və biz hələ də rəqibə təzyiq edirdik. Heç kim geri çəkilmirdi, irəli gedirdi. O an bildim ki, bizim komanda Türkiyədə çempion olmağa layiqdir.

- Klubda tək azərbaycanlı siz deyilsiz. Azərbaycan millisinin baş məşqçisi də klubun idman direktoru vəzifəsindədir. Hər halda, millimizin iki təmsilçisi kimi Türkiyədə çempionluq yaşadınız. Bu, Türkiyədə qadın futbol klublarının azərbaycanlı qadın futbolçularına diqqəti artıracaq?

- Bilirsiz, Türkiyədə bizdən savayı digər oyunçularımız oynayır. Yəni, tək bizim komandada deyil, başqa klublarda da millimizin üzvləri var. Özü də, hədəfimiz Türkiyə deyil, Avropada oynamaqdır.

- Maraqlıdır ki, azərbaycanlı kişi futbolçular arasında Türkiyədə çempionluq qazanan yoxdur. Ancaq siz futbolçu kimi etməyi bacardınız. Böyük ehtimalla kişi futbolçularından heç kim Türkiyədə çempion ola bilməyəcək. Çünki iddialı klublarda oyunçularımız yoxdur...

- Mən belə düşünmürəm. Azərbaycanda kişi futbolu da inkişaf mərhələsindədir. Bir-birimizə dəstək olsaq, yaxşıdır.

- Qəribə məqam odur ki, qadınlardan ibarət millimizin üzvləri xaricə yollanaraq orada oynayır. Amma kişi futbolçularımız buna can atmır, elə ölkədən uzaqlaşmır. Sizcə niyə kişi futbolçularımız xaricə getmir, qadın futbolçularımız fərqli düşünür?

- Kişi futbolunda da milli komandamızın və ümumiyyətlə, xaricə yollanan oyunçularımız var. Ancaq biz onlardan bir qədər fərqliyik. Qadın futbolçular arasında legioner həyatı yaşayanlar çoxluq təşkil edir.

- Özünüz üçün qarşınıza qoyduğunuz ən yüksək məqsəd hansıdır? Avropa klublarının hansında oynamaq istəyirsiz?

- Yeni mövsümlə bağlı qərarımı verməmişəm. Amma təbii ki, hədəfim Avropada oynamaqdır. İnanıram ki, bu, məndə baş tutacaq. Hər şey realdır.

- Qadınlardan ibarət Azərbaycan millisi qısa müddətdə inkişafa keçə bilib, hətta son tsikldə yeddi xal toplamışdınız. Legioner həyatı yaşayanlar da az deyil. Səncə, milli komandanın yaxın illərdə final mərhələlərinə vəsiqə qazanmasını real hesab edirsən?

- Builki məqsədimiz qrupdan çıxmaqdır. Çünki artıq yetəri qədər təcrübəliyik. İnanıram ki, istədiyimiz nəticələri qazanacağıq.

- Bəzən deyirlər ki, "Azərbaycanda kişi futbolu düzəldi, qalmışdı qadın futbolu". Yəqin ki, bu cür fikirləri siz də eşitmisiz. Hansısa mötəbər turnirin final mərhələlərinə vəsiqə qazanmaqla insanları bu fikirlərdən daşındıra bilərsiz?

- İnsanların fikirlərini dəyişdirmək mümkün deyil. Biz peşəkar futbolçularıq. Belə danışıqlar hər yerdə olur. Amma biz buna fikir vermirik.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI