“Karateçi qadınları futbol millisinə seçirdik”

13 May 2023 01:50 Qadın futbolu 433
“Karateçi qadınları futbol millisinə seçirdik”

“2010-cu ildə işə başlayanda böyük çətinliklər çəkirdik. Milli komandaya oyunçu tapa bilmirdik. Fiziki durumuna baxır, karatedən gəlmiş qadınları milliyə seçirdik”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a müsahibəsində qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi və Türkiyənin “Fomget” klubunun idman direktoru Siyasət Əsgərov deyib.

O, qonşu ölkədəki fəaliyyəti, Azərbaycan qadın futbolundakı mövcud durum, yığma komandanın Millətlər Liqasındakı hədəfləri və digər mövzular barəsində danışıb.

Müsahibəni təqdim edirik.

- Bir ilə yaxındır Türkiyənin “Fomget” klubunda çalışırsınız. İşləriniz necə gedir?

- İşim əsas komanda ilə bağlıdır. Amma klubun akademiyası da var. Ora da nəzarət edirik. Akademiyada 200-ə yaxın qız futbol oynayır. Bununla belə, rəhbərliyin əsas tələbi böyük komanda ilə bağlıdır.

- Türkiyə qadın futbolu liqası azərbaycanlı azarkeşlərə elə də tanış deyil. Çempionatın formatı necədir?

- Super Liqa iki qrupdan ibarətdir. A qrupunda 10, B qrupunda 9 komanda mübarizə aparır. Liderlər birbaşa 1/4 finala yüksəlirlər. 2-7-ci yerlər pley-off oynayırlar və oradan da 6 komanda 1/4 finala çıxır.

- Komandanız “Fomget” bu mərhələləri keçib yarımfinala qədər irəliləyib...

- Klub uzun illərdir fəaliyyət göstərir. Keçən il Super Liqada pley-offlara vəsiqə qazanılmamışdı. Amma sevindirici haldır ki, bütün heyəti saxlandı. Həm legioner, həm yerli oyunçular qaldı. Biz də bəzi yeni futbolçular dəvət etdik. Qrupda bütün rəqiblərə qarşı 16 qələbə, bir heç-heçə, bir məğlubiyyətimiz oldu. Yeganə məğlubiyyətimiz “Qalatasaray”a qarşı idi. İkinci yerin sahibi kimi pley-offa çıxdıq. Orada “Hakkari”ni, 1/4 finalda “Fatih Vatan”ı mübarizədən kənarlaşdırdıq. Klubun hədəfi qadın futbolunda böyük işlər görməkdir. Məqsədimiz çempion olmaq və Çempionlar Liqasında oynamaqdır. Yarımfinalda son çempion ALG ilə oynayacağıq. Sevinirəm ki, nəzarət etdiyim komanda bu mərhələyə qədər gəlib.

- Qeyd etdiniz ki, ötən mövsüm komanda pley-offa yüksələ bilməmişdi. Bir il ərzində nə dəyişdi?

- Dediyim kimi, komandanın heyəti qorunmuşdu. Bizim keyfiyyətli yerli və legioner oyunçularımız var. Türkiyə millisinin kapitanı bizim qapıçımızdır. Ukrayna, Bosniya və Herseqovina, Monteneqro, Azərbaycan yığmasının oyunçularını cəlb etmişik. Məşqçiləri dəyişdik. Daha bacarıqlı, bilikli insanlar gətirdik. Məşqçilər korpusu ilə daim fikir mübadiləsi aparırıq. Burada sistemli iş gördük. Liqa həvəskar statusda olsa da, peşəkar səviyyədə komanda qurduq. Düşünürəm ki, onun nəticəsidir.

- Yarımfinaldakı rəqibiniz ALG Türkiyənin ən güclü komandası hesab olunur. Onlara qarşı şansınız nə qədərdir?

- Keçən ilin çempion komandasıdır. Onların heyəti çox güclüdür. Keçən il çempion olubsa, deməli, gücü aydındır. Eyni zamanda, yarımfinala gələnin də gücü bəllidir. Hesab edirəm ki, şanslar bərabərdir. İlk yarımfinal oyunumuz evdə olacaq. Sonra səfərdə qarşılaşacağıq. Bu baxımdan üstünlükləri var. Biz komanda olaraq çox yaxşı hazırlaşırıq. Məqsədimiz finala çıxmaq və çempion olmaqdır.

- Azərbaycan millisinin üzvü Ayşən Əhmədova da komandanızda çıxış edir. Performansı necədir?

- O, məndən bir az sonra gəldi. Gürcüstan klubu ilə Çempionlar Liqasında oynayırdı. İlk vaxtlarda bütün matçları start heyətdə başlayıb. Komandaya kifayət qədər kömək edib. Son matçlarda oynamır. Buna səbəb millinin düşərgəsində dizindən zədə almasıdır. Millidə də yalnız ikinci matçda az müddət şans verdik. Qayıdandan sonra zədəsi oynamasına mane oldu. Düşünürəm ki, yenə komandaya kömək edəcək.

- Dediniz ki, liqa həvəskar statusdadır. Çempionatın səviyyəsi necədir?

- Sevindirici haldır ki, Türkiyədə klublar tərəfindən qadın futboluna belə dəstək var. Çox yaxşı yatırımlar olur. Burada legioner limiti 6+2-dir. Yəni, 6 əcnəbi start heyətdə meydana çıxa bilir. Klubların təxminən yarısı çox yaxşı legionerlər gətirir. Bununla da liqanın səviyyəsi qalxır. Baxımlı, gərgin oyunlar olur. Düşünürəm ki, yaxın illərdə peşəkar liqa olacaq. Azərbaycan millisinin də bir neçə üzvü burada oynayır. Nə qədər səviyyə yüksək olsa, onlar da daha hazırlıqlı olarlar. Bu da bizim üçün faydalıdır.

- Türkiyədəki təcrübə mütəxəssis kimi sizə nə qazandırır?

- Mənim üçün yeni çağırış oldu. Neçə ildir qadın futbolundayam. Amma hər zaman baş məşqçi kimi çalışmışam. Burada idman direktoruyam. Bu baxımdan yeni təcrübədir. Akademiya məşqçiləri ilə işləmək, aşağı yaşlarla əsas komandanın əlaqələnməsi kimi işlərdə böyük təcrübə topladım. Düşünürəm ki, bu, gələcək işimə böyük kömək olacaq.

- Bir az yerli qadın futbolundan danışaq. 5-6 il əvvəl milli komanda bəzən 13, bəzən 15 qol buraxırdı. Son illərdə yenə məğlubiyyətlər olsa da, belə acınacaqlı nəticələri görmürük. Həqiqətən, irəli addım atmışıq, yoxsa son nəticələr aldadıcıdır?

- Qadın futbolunda yeni inkişaf dönəminə başlayırıq. Bizə vaxt lazımdır. Böyük hesablar olanda biz də üzülürdük. Əsas milli yeni qurulub. Bu komanda ilə Avropa və dünya çempionatlarının seçmə mərhələlərində oynadıq. AÇ-də 1, DÇ-də isə 7 xal topladıq. Bu, bizim üçün bir addım idi. Ən azından DÇ-də sonuncu olmadıq. 7 xal 10-11 də ola bilərdi. Orada bəzi səhvlər etdik. Onlardan öyrənərək bu yerlərə gəlirik. Millinin tərkibi öz yetişdirdiklərimizdir. Onların çoxu Türkiyə, Qazaxıstan, Rusiyada legionerdir. Bu da bir göstəricidir. Daha da irəli getmək istəyirik. AÇ, DÇ, Millətlər Liqasında maksimum nəticələr əldə etmək istəyirik.

- İlk dəfə qadınlar arasında Millətlər Liqası təşkil olunacaq. Yığma Monteneqro, Kipr və Farer adaları ilə eyni qrupda yarışacaq. Qrup liderliyi gözləyək?

- Neçə ildir Millətlər Liqasının olmasını gözləyirdik. Bu yarış Azərbaycan kimi qadın futbolunda yeni irəliləyənlər üçün çox önəmlidir. Kim hansı səbətdədirsə, o səbətdə olanlarla - öz gücünə yaxın rəqiblərlə oynayır. Monteneqro DÇ-nin seçmə mərhələ qrupumuzda rəqibimiz idi. Səfərdə 0:2 uduzmuşduq, amma evdə 1:0 qalib gəldik. Kipr və Farer adaları yığmaları ilə isə nəinki rəsmi, heç yoldaşlıq oyunlarında da qarşılaşmamışıq. Artıq onlar barədə məlumat toplamağa başlamışıq. Məqsədimiz qrupu birinci bitirməkdir. İnsanlara göstərmək istəyirik ki, Azərbaycanda qadın futbolu var.

- Millətlər Liqası həm də Avropa çempionatına vəsiqə şansı deməkdir...

- Bəli, kişi futbolundakı ilə eyni prosedurdur. Reallıqla danışsaq, Avropa və dünya çempionatlarının əsas mərhələlərində yarışmaq bizim üçün çox çətin olar. Millətlər Liqası həm də reytinq xalları verir. Burda yığılanlar növbəti qrup mərhələlərində daha münasib rəqiblərlə düşmək imkanı yaradır. Həm reytinq xalları ilə yuxarı qalxmaq, həm də maksimum nəticə qazanmaq istəyirik.

- Azərbaycan çempionatının səviyyəsi millinin baş məşqçisi kimi sizi qane edir?

- 2010-cu ildən liqalar keçirilməyə başlanıb. O vaxt bir liqa var idi. U-16-ların çempionatında 10 komanda yarışırdı. İndi U-12, U-17 liqaları və Yüksək Liqa təşkil olunur. Aşağı yaşlarda keyfiyyət hiss olunur. Ancaq böyüdükcə uzaqlaşanlar, başqa sahələrə yönələnlər olur. Ona görə getdikcə komandaların sayı da azalır, keyfiyyətli oyunçuları da itiririk. Burada sıxıntılarımız var. “Neftçi” və “Sumqayıt”ın qadın komandaları var. İstərdim ki, digər klublarımız da dəstək olsunlar. Onlar nəzarət etsələr, keyfiyyət daha fərqli olar, inkişaf sürətlənər. Hazırda dəstəyi əsasən federasiya verir. Bu da çox çətindir. Premyer Liqanın bütün klubları dəstək olsa, bu, yekunda milli komandaya da təsir edər. Necə ki, indi Türkiyədə belədir. İki il əvvəl təkcə “Beşiktaş”ın qadın komandası var idi. Amma “Qalatasaray”, “Fənərbağça”, “Trabzonspor” kimi klublar da bu sahəyə yatırım edirlər. Beləliklə, çempionatın, oyunçuların səviyyəsi qalxıb. Bu da milli komandanın güclənməsinə səbəb olub. Bunlar zəncirvari bağlıdır. Ümid edirəm ki, Azərbaycanda da bu proses gedəcək.

- Keçən il “Barselona”nın qadın komandasının Çempionlar Liqası oyununa 92 minə yaxın azarkeş gəlmişdi. Dünyanın bir çox ölkələrində qadın futbolçuların məvaciblərinin kişi oyunçulara uyğunlaşdırılması müzakirə olunur. Deməli, qlobal miqyasda qadın futbolunun payı sürətlə artır. Ancaq kişi futbolunda olduğu kimi, yenə də Azərbaycan prosesdən kənardadır...

- Uzaq qalma səbəbimiz odur ki, qadın futbolunda yeni inkişaf etməyə başlayırıq. 2010-cu ildə işə başlayanda böyük çətinliklər çəkirdik. Milli komandaya oyunçu tapa bilmirdik. Fiziki durumuna baxır, karatedən gəlmiş qadınları milliyə seçirdik. Həmin vaxtlar valideynlərlə böyük problemlərimiz olurdu. Potensiallı kimisə götürmək istəyirdik, valideyni icazə vermirdi. İndi liqalarda komandalarımızın sayı xeyli artıb, bölgə təmsilçiləri var. Bu, sevindirici haldır. İndi qızlarını futbola qoymaq istəyən valideynlər federasiyanın qadın futbolu departamentinə zəng edirlər, məsləhət alırlar. Deməli, irəli addım ata bilmişik. 2010-cu ildə kimlərinsə fikrini dəyişəcəyimiz inandırıcı gəlməzdi. Amma görünən odur ki, dəyişə bilmişik. Bundan sonrakı dönəmdə klublar da dəstək olsa, daha fərqli yerlərə gələ bilərik.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"