TƏHLÜKƏ: “Şamaxı” – “Qarabağ” oyunu keçirilməyə bilər!

20:20 Problem 365
TƏHLÜKƏ: “Şamaxı” – “Qarabağ” oyunu keçirilməyə bilər!

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti həftəsonuna qədər davam edəcək.

Dağlıq və dağətəyi rayonlarda şaxtalı və qarlı havanın gözlənilməsi bir neçə klubların rəsmilərini, eləcə də liqaların keçirilməsinə cavabdehlik daşıyan qurumu – Peşəkar Futbol Liqasını narahat etməyə bilməz.

Fevralın 5-də Şamaxıda Azərbaycan kuboku çərçivəsində “Şamaxı” – “Qarabağ”, I Liqa çərçivəsində “Cəbrayıl” – MOİK dueli baş tutmalıdır.

Birinci qarşılaşmanın Şamaxı şəhər stadionunda, aşağı dəstədəki duelin Şamaxı Olimpiya İdman Kompleksinin futbol meydanında keçirilməsi planlaşdırılır.

Fevralın 6-da “Şahdağ Qusar” – “Difai”, bir gün sonra “Şimal” – “Mingəçevir” matçlarının da kompleksin meydanında reallaşması nəzərdə tutulub.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, dağlıq rayonlarda qar yağacaq, arabir duman olacaq, yollar buz bağlayacaq. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

Şamaxının şaxtalı və yağıntılı bölgə olduğunu nəzərə alsaq, meydanın qar altında qalması və yolların buz bağlaması həm Azərbaycan kuboku, həm də I Liqa qarşılaşmasının keçirilməsini təhlükə altına salır.

Vəziyyət gecə və səhər saatlarında havanın necə keçməsindən asılı olacaq. Hidrometeoroloqların proqnozu özünü doğrultsa, “Şamaxı” – “Qarabağ”, eləcə də “Cəbrayıl” – MOİK qarşılaşmalarının baş tutması sual altına düşəcək.

Hər iki görüşün start fiti saat 14:30-da çalımalıdır.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti