“Neftçi”ni məğlub etmək su içmək qədər asandır?

5 Dekabr 2019 20:02 Premyerliqa 1 140
“Neftçi”ni məğlub etmək su içmək qədər asandır?

Azərbaycan Premyer Liqasında 14-cü tura dekabrın 6-da start veriləcək. İkinci dövrənin son turunun qarşılaşmaları 2 gün ərzində keçiriləcək.

“Qarabağ” özü özünə problem yaratmasa...

İlk oyun günüdə cəmisi bir qarşılaşma olacaq. “Qarabağ” “Keşlə”ni qəbul edəcək. Artıq Avropa Liqasında heç bir hədəfi qalmayan “köhlən atlar” tamamilə çempionata köklənə bilərlər. Çempionatda isə onlara rəqib yoxdur, təbii ki, “Qarabağ” özü özünə problem yaratmasa. “Keşlə” turnir cədvəlində 2-ci pillədə qərarlaşsa da, digər komandalar səviyyəsindədir. Ona görə də, Tərlan Əhmədovun komandasının “Qarabağ”a çətinlik yaşadacağını düşünmürük. “Qarabağ” çempionatın bundan sonrakı dönəmini birnəfəsə keçməlidir. Dərindən nəfəs alıb yola çıxmaq isə elə “Keşlə” ilə oyundan başlayır.

Statistika nə deyir?

“Keşlə” üç oyundur qol vurmur. “Qarabağ” son 4 matçda qalib gəlib.
“Qarabağ” – “Keşlə” – 60 oyun, 28 qələbə, 19 heç-heçə, 13 məğlubiyyət, top fərqi 72-38.

"Süni tənəffüs aparatına qoşublar" ki...

Turun digər 3 oyunu isə dekabrın 6-da keçiriləcək. “Zirə” “Səbail”i qəbul edəcək. Artıq turnir cədvəlində hər şey qaydasındadır, yəni “Səbail” düşmək istədiyi pillədə - sonuncu yerdədir. Ötən mövsüm Azərbaycanı Avropa Liqasında təmsil edən bir klubun belə aqibəti kimisə təəccübləndirsə də, bizi qətiyyən təəccübləndirmir. Bu gün, elə bu klub yarandığı gündən görünürdü. Təəssüf ki, AFFA-nın qeyri-peşəkar idarəçilərinin vecinə də deyildi hamıya bəlli olan bu görüntü. Buyurun, artıq Azərbaycanın "klub qəbiristanlığı"na daha bir komanda da yola salınmaq üzrədir. Amma hələ ki, “Səbail”i "süni tənəffüs aparatına qoşublar" ki, mövsümün sonuna qədər “yaşasın”. Ancaq hər tur hansısa komanda can üstündə olan “Səbail” üçün “yasin” oxuyur. Bu dəfə növbə “Zirə”nindir.

Statistika nə deyir?
“Səbail” son iki matçda qol vurub. “Zirə” üç oyundur evdə qalib gəlmir.
“Zirə” – “Səbail” – 9 oyun, 4 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət, top fərqi 8-5.

Sumqayıtdan xalla qayıtmaq üçün nə lazımdır?

“Sumqayıt” “Qəbələ”ni qəbul edəcək. Qeyri-sabitlik və bərabər qüvvə - hər iki komandaya xas olan xarakteristika. “Qəbələ” bu qarşılaşmada qalib gəlsə, gələcək üçün ümid yarada bilər. Amma əyalət təmsilçisinin Sumqayıtda işi asan olmayacaq. Çünki Ayxan Abasovun komandası öz meydanında pis təsir bağışlamır. “Qəbələ”nin Sumqayıtdan xalla qayıtması üçün meydana qalib ruhu ilə çıxması vacib. Amma bu ruhu formalaşdırmaq çətin. Asan olsaydı, “Qəbələ” autsayderlər arasında olmazdı ki... Əyalət təmsilçisinin ötən turda qazandığı böyükhesablı qələbə də qalib ruhun formalaşmasına kömək etməyəcəksə, onda “Qəbələ”dən əlimizi birdəfəlik üzsək yaxşıdır.

Statistika nə deyir?

Son iki matçda “Sumqayıt” quru hesabla qalib gəlib. “Qəbələ” son iki səfərdə qalib gəlməyib.
“Sumqayıt” – “Qəbələ” – 29 oyun, 4 qələbə, 8 heç-heçə, 17 məğlubiyyət, top fərqi 23-47.

Görək Jelko “suyu” içə biləcək?

Turun və günün son qarşılaşmasında “Sabah” “Neftçi”ni qəbul edəcək. Hə, gəlib çıxdıq “Sabah”ın yeni baş məşqçisi Jelko Sopiçin qabında nəyin olub-olmadığını müəyyənləşdirəcəyimiz məqama. Sopiç “Sabah”la ilk oyununu “Qarabağ”a qarşı keçirdi və məğlub oldu. “Qarabağ”la işimiz yox, hər kəsə bəlli ki, “köhlən atlar” Azərbaycan çempionatının səviyyəsindən yüksəkdədir. Bu tur isə rəqib “Neftçi”dir. Adidən də adi rəqib. Yəni, çempionatdakı digər 7 komandadan biri. Hətta o qədər adi bir komanda ki, can üstündə olan “Səbail” də ondan xal almağı bacarır. Elə isə “Sabah”a nə gəlib? Bax, burda hər şey Sopiçin məşqçi bacarığından asılı olacaq. Düzgün taktika seçə, futbolçuları oyuna yaxşı səviyyədə hazırlaya bilsə, “Neftçi”ni məğlub etmək su içmək qədər asan olmalıdır. Görək Jelko “suyu” içə biləcək? İçə bilməsə, yəqin ki, Azərbaycanda da çox qalmayacaq.

Statistika nə deyir?
“Sabah” öz meydanında xal qazanmayıb. “Neftçi” bütün oyunlarda qol vurub.
“Sabah” – “Neftçi” – 5 oyun, 1 heç-heçə, 4 məğlubiyyət, top fərqi 2-10.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti