”Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov klub ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.
Klubun mətbuat xidməti saytımızın mayın 28-də yaydığı məlumatı az öncə rəsmən təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/neftci/74591.html).
Ona fəaliyyəti ərzində uzunmüddətli perspektivdə müsbət dəyişikliyə səbəb olacaq yeni işlərin təməlinin qoyulmasında göstərdiyi xidmətlərə görə təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.
Mahmudovun gedişi birbaşa nəticələrlə əlaqədardır. Belə ki, paytaxt klubu son 7 ildə ilk dəfə avrokuboklardan kənarda qalıb.
«Ağ-qaralar» ölkə kuboku ilə yarımfinal mərhələsində vidalaşıbsa, Premyer Liqada beşinci yeri tutub.
Uğursuz mövsüm yalnız Mahmudovun passivinə yazılmayacaq.
Ötən ilin yayında bura təyinat almış baş icraçı direktor bu gün rəsmən iş yerini itirdi, bəzi digər funksionerlər isə ən qısa zamanda postu ilə vidalaşacaq.
F.Mahmudovdan əvvəl paytaxt klubu baş məşqçisi olmuş Miadraq Bojoviçi də istefaya göndərib.
1982-ci ildə anadan olan Fərrux Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr,
2003-2005-ci illərdi isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb
F.Mahmudov 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasının icraçı direktorudur. O, həmçinin 2015-ci ildən “ALTÜST Media” MMC-nin təsisçisi və idarəedici direktoru olub.
F.Mahmudov müxtəlif illərdə “Samsung Electronics Caucasus”, “British American Tobacco Azerbaijan”, “Azerfon” MMC və digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Evlidir, 3 övladı var.
SPORTİNFO.AZ


