Altı tura 1 qələbə qazana bilməmək, 4 xalın bir küncünə sığınmaq, turnir cədvəlində doqquzuncu yerə enmək…
Bunun adı dəhşətli faciədir!
Altı tura 4 heç-heçə, 2 məğlubiyyət, cəmi 2 qol vurmaq…
Bunun adı yoxdur.
Roman Qriqorçuka bəslənilən ümidlər sabun köpüyünə dönür. Yavaş-yavaş yox, sürətlə özü də.
Əlində 2 illik müqaviləsi olan baş məşqçinin əldə etdiyi nəticələr ürək dağlayır.
Nə deyəsən, nə söyləyəsən, nə qiymət verəsən buna, bilmirsən. Açığı, mən söz və səbəb tapammıram. Gedilən yola haradan baxıram, hər tərəfdən qaranlıq görünür.
Qriqorçuk üzr istəyib.
Hər uğursuz oyundan sonra səhhətində problemlərin yarandığını söyləyib. «Belə oynamaq olmaz» erirafı edib.
Bu, sonucda nəyisə dəyişmir. Dağı dağ üstünə qoyacağı ümidi ilə vəzifəyə gətirilmiş şəxsin
çarəsiz bir durumla üzləşməsi hədsiz pis mənzərədir.
«Daha qalib gələ bilməmək üçün heç bir səbəb qalmayıb» - Qriqorçuk Zirə səfərindən öncə belə bir açıqlama vermişdi.
Millətlər Liqasına görə çempionatda yaranmış fasiləni toparlanmaq baxımından fürsət sayan ukraynalının bir neçə gün sonra üzrlə kifayətlənməsi qəbuledilməzdir.
İstefaya bir şey qalmayıb. «Neftçi» rəhbərliyinin kollektivə – məşqçi və futbolçulara yaratdığı şəraitə söz ola bilməz.
Onlar öz üzərlərinə düşən hər işi artıqlamasıyla görüblər. Bu qədər imkan, bu qədər transfer…
Daha nə etməlidirlər ki, komanda azarkeşləri sevindirsin?
Narazı fanatların qarşısına çıxmalı, sualları cavablandırmalı olan şəxs Qriqorçukdur.
Bütün məsuliyyəti o, daşıyır.
ELNUR