Gözləntilərin əksinə olaraq, Premyer Liqaya çox pis start verən «Neftçi»də Roman Qriqorçuk dönəmi tezliklə yekunlaşa bilər.
Yayın əvvəlində 2 illik müqaviləyə imza atmış ukraynalı mütəxəssis artıq ayrılığın planlarını cızır.
O, «Zirə» ilə dünən keçirilən matçdan (0:2) sonra bu barədə bəzi klub funksionerləri ilə söhbət edib.
Növbəti məğlubiyyətin şokundan sarsılan sabiq «Qəbələ»li Müşahidə Şurası istəyərsə, günü bu gün istefa verə biləcəyini söyləyib.
Qriqorçuk müqaviləsinə xitam verilərsə, qarşılığında 1 dollar da kompensasiya istəməyəcəyini deyib.
«Neftçi» çempionatın ilk 6 turunda 4 xal toplayıb. Passivində 4 heç-heçə və 2 məğlubiyyət olan «ağ-qaralar» cəmi 2 qol vurub, turnir cədvəlinin 9-cu pilləsində yer alıb.
SPORTİNFO.AZ