"Neftçi"nin sabiq forvardı Mateus Saldanya karyerasını Almaniya çempionatında davam etdirməyə yaxındır.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu "Hoffenhaym" ilə danışıqlar aparır.
Bu barədə Serbiyanın "Telegraf.rs" portalı məlumat yayıb.
Bundesliqa təmsilçisinin braziliyalıya görə "Partizan"a ciddi təklif göndərdiyi bildirilib.
"Hoffenhaym" Saldanya üçün Belqrad klubuna 6 milyon avro və bonuslar, həmçinin gələcək satışından müəyyən faiz, hücumçunun özünə isə uzunmüddətli müqavilə təklif edib.
Almaniyada "transfer pəncərəsi"nin avqustun 30-da bağlanacağı qeyd olunub. Forvardın iki agenti hazırda keçidin reallaşması üçün çalışır.
Mateus Saldanya "Partizan"da keçirdiyi 40 matçda 21 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Serbiya klubu ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.
Belqradlılar hücumçunu ötən ilin yayında 1,3 milyon avro qarşılığında transfer ediblər.
Saldanya 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında “Neftçi”də keçirib.