Premyer Liqanın arxada qalan 4 turundan sonra "Neftçi"nin aqibəti acınacaqlıdır.
Aktivində 3 xalı olan komanda yalnız "Kəpəz"i qabaqlayır.
"Ağ qaralar" yalnız xala görə deyil, həm də vurduğu qol sayına görə "Kəpəz" xaric bütün rəqiblərinə uduzur.
1 aya yığılan, 4-5 min dollara heyətə cəlb edilən əcnəbilərin ümidinə qalan "Şamaxı" bu gün "Neftçi"dən daha çox qola sevinib.
Belədə sual yaranır - bəs bu qədər əcnəbi niyə transfer edilib?
Azalır birinci dövrə başa çatsın, amma yeni transferlərin ardı kəsilmir.
Gündə birinin təqdimatıdır.
Tabloda isə gördükləri iş sıfırla öz əksini tapıb.
Bunu da keçdik...
Əgər gəlmələr bir işə yaramırsa, komandanın yetirməsi olan Ağadadaş Salyanskiyə niyə zaman verilmir?
Ötən mövsüm Əvəzedici Liqanın bombardiri olmuş hücumçuya 1 dəqiqə olsun oynamaq imkanı yaradılmır.
Bilirik ki, yay fasiləsində bir neçə Premyer Liqa təmsilçisi Ağadadaş üçün "Neftçi"yə üz tutmuşdu.
Ən azı 1 mövsümlük icarəyə verilməsi xahişilə.
Lakin qarşı tərəfin cavabı "O, bizə lazımdır" olmuşdu.
Təəssüf ki, bu gün tam əks mənzərəyə şahid oluruq.
Əgər bu adam "Neftçi" üçün bu qədər lazımsız, dəyərsiz idisə, barı şərait yaradardılar gedib digər klublarda öz bacarığını ortaya qoyardı.
Sanki "Neftçi" öz yetirməsinə qənim kəsilib.
Hər halda, ən üzdə olan yetirməsinə oynamaq şansı vermirsənsə, bunun başqa adı yoxdur!
XANOĞLAN İMANOV

