Roman Qriqorçuk iki aydan artıqdır «Neftçi»nin başındadır.
Premyer Liqada dörd matça çıxıb və hələ qələbəyə həsrətdir.
Ukraynalı axtarışdadır. Baxırıq ki, əsas heyətdə əl atdığı dəyişiklər yetərsizdir. Emin Mahmudovu ilk «onbirlik»dən kənarda saxlamaqla bayram aşı əmələ gəlmir.
Müdafiəyə yönəlik taktika «Neftçi»yə uğur gətirmir və gətirməyəcək! Zəhmət olmasa, klubda bir səlahiyyətli şəxs Qriqorçuka izah etsin buna.
Başa salsın ki, bu, sənin 2018-ci ildə qoyub getdiyin Premyer Liqa deyil, komandalar arasında balans yaranıb, hücum futbolu oynat, çəkinmə!
Belə oynayacaqsan, təsadüfi qolun ümidinə qalacaqsan, onda da məğlubiyyətlə burun-buruna gələcəksən.
Qol da vursan, aləm bir-birinə dəyəcək, qiyamət qopacaq.
Ramil Şeydayevin son dəqiqədə qapıdan keçirdiyi o qol nə idi, yaraşmadı.
Qriqorçuk «Neftçi»yə simpatik futbol oynatmır. «Nə edirik edək, uduzmayaq» təlaşı ilə komandanı növbəti hesabat həftəsinə hazırlayır.
Nə tökərsən aşına, o da çıxar qarşına. Bu cür oynayacaqsan, dönüşü olmayan biletin alınacaq bir gün.
ELNUR

