“Neftçi”nin futbolçularının “ağzını qıfıllayıblar”.
Premyer Liqanın 3-cü turunda “Sabah”a 0:2 hesablı məğlubiyyətdən sonra yaxınlaşdığımız iki futbolçu müsahibə vermək icazəsinin olmadığını deyəndən sonra məlum oldu ki, veto klub rəhbərliyindən gəlib.
Komanda üzvlərinə media nümayəndələrinin suallarını cavablandırmamaq tapşırığı verilib.
Bu qədər transfer edən, futbolçulara milyonlar xərcləyən başbilənlər top dalınca qaçanlara uğursuzluqla bağlı ictimaiyyətə hesab verməyin vacibliyini bildirməli olduğu halda, onlara qadağa qoyub.
Halbuki uğursuz startla, məzmunsuz oyunla bağlı suallara aydınlıq gətirmək boyunlarının borcudur.
Mətbuat vasitəsilə azarkeşlərdən üzr istəməli, gələcəklə bağlı xoş vədlər verməli olanlara tapşırıblar ki, ağzınızı açıb söz deməyin.
Uduzmusuz, başınız sağ olsun, gələcəkdə düzələr.
Bu strategiya, bu düşüncə, bu yanaşma ilə heç nə düzələn deyil. Futbolçuların ağzını yummaq onları qorumaq deməkdir.
Siz onları qorumağınızda olun, onlar da öz bildiklərini etməkdə davam etsinlər.
HƏBİB

