“O, “Neftçi”də 2-3 aydan çox işləyə bilməyəcək” – Məşhur məşqçi haqda bizə danışdılar

27 May 2022 21:00 Neftçi 2 425
“O, “Neftçi”də 2-3 aydan çox işləyə bilməyəcək” – Məşhur məşqçi haqda bizə danışdılar

“Neftçi”nin Temuri Ketsbayanın şərtlərini qəbul edib müqavilə bağlayacağını zaman göstərəcək.

İndiki məqamda bilinən odur ki, bakılıların gürcü çalışdırıcı ilə maraqlanması hər iki ölkədə söhbət mövzusudur.

Hətta Azərbaycan futboluna yaxından bələd olan gürcüstanlı futbol mütəxəssisləri, hətta idman jurnalistləri də Ketsbayanın Azərbaycanda, xüsusən də “Neftçi”də çalışmaq və nə qədər duruş gətirə biləcəyi sualı ətrafında “baş sındırır”.

Qonşu ölkənin adının çəkilməsini istəməyən təcrübəli jurnalistlərindən biri bəndənizlə söhbətdə Temuri Ketsbayanın xarakteri və həyat prinsipləri haqda danışıb.

Elə isə “Neftçi”nin danışıq apardığı çalışdırıcını yaxından tanıyaq:

“O, artıq neçə illərdir Kiprdə yaşayır. Burada keçmiş futbolçu yoldaşları, uşaqlıq dostları və qonşuları ilə əlaqə qurur.

Yəni əhatəsi elə də geniş deyil. Gürcüstanlı jurnalistlərlə heç arası yoxdur. Bilmirəm niyə, amma bizimlə danışmağa, müsahibə verməyə həvəsli deyil.

Çox doğru və sözü üzə deyən adamdır. Əsəbiliyi də var. Özündən çıxanda sözlərinə hakim ola bilmir.

Yox, Temurini Kaxaber Tsxadadze ilə müqayisə etmə. Kaxa onunla müqayisədə diplomatikdir. Harda nə danışacağını, kimə nə deyəcəyini bilir. Ketsbaya elə deyil.

“Neftçi” onunla maraqlana, hətta danışıqlara başlaya da bilər. Məncə, işbirliyi uğurlu alınmayacaq. Hətta Temuri Azərbaycana getsə də, çox duruş gətirməyəcək.

Lazımınca pulu var deyə, müqaviləyə görə susmayacaq. Baxarsınız, hətta müqavilə bağlasalar belə, Ketsbaya “Neftçi”də 2-3 aydan çox işləyə bilməyəcək”.

Temuri Ketsbaya sonuncu mövsümdə Kipr “Anortosis”ini çalışdırıb. Lakin komandası avrokuboklara vəsiqə qazana bilməyib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti