Emil Balayevi aldadıblar

12 Mart 2020 23:20 Milli komanda 1 310
Emil Balayevi aldadıblar

Emil Balayev Norveç "Bude-Qlimt”i ilə ortaq məxrəcə gələ bilməyib vətənə dönüb və mövsümün sonuna kimi “Zirə” ilə anlaşıb.

Qapıçının Skandinaviyada qalmamasının səbəbi barədə mətbuata açıqlama verən atası Nazim Balayev Norveç klubunun irəli sürdüyü maliyyə şərtlərinin milli üzvünü qane etmədiyini bildirib.

Sportinfo.az xəbər verir ki, "Bude-Qlimt” rəhbərliyi Emilə ayda 3 min avro maaş təklif edib. Bundan başqa, ev və avtomobil xərclərini də “çərçivə qoruyucusu” özü qarşılamalıymış.

Açığı, Nazim bəyin maaşla bağlı söylədikləri bir qədər inandırıcı görünmür. Çünki Norveç nəinki Avropada, dünyada yaşayış səviyyəsinə görə ilk “üçlük”də qərarlaşıb,

Skandinaviya yarmadasında yerləşən ölkədə qiymətlər də “əl yandırır”. Agent Erkin İbarhimov ötən saylarımızın birinə verdiyi açıqlamada Osloda təkcə ictimai nəqliyyatda bir gediş üçün 4 dollar ödəmək lazım olduğunu, vikinqlərin vətənində hər şeyin çox baha olduğunu söyləmişdi.

Bu isə o deməkdi ki, aylıq 3 min avro ilə Norveçdə yaşamaq çox çətindi. Belə bahalı ölkənin futbolunda da şübhəsiz ki, bizim meyarlara görə çox böyük pullar dövr edir. Böyük ehtimalla klubların büdcələri milyonlarla avro təşkil edir.

Belə olan halda "Bude-Qlimt”in legionerə 3 min avro təklif etməsi sözün həqiqi mənasında gülməlidi. Bu üzdən məsələ ilə bağlı futbol təssərüfatında çox şeydən xəbərdar olan, hansı ölkədə futbolçuya ortalama nə qədər maaş verildiyini, klubların büdcəsinin nə qədər olduğunu bilən agentlərin fikirlərini öyrənməyi lazım bildik (Futbol+).

Səbuhi Səfiyarlı: “Düzü, turnir cədvəlinə baxanda, Norveç futbolunda son illəri incələyəndə ötən mövsümün ikincisi olan "Bude-Qlimt”in Emilə 3 min avro əməkhaqqı təklif etməsi inandırıcı görünmür. Ancaq başqa-başqa mənbələrdən əldə etdiyim bilgiyə əsasən, söhbət burda heç maaşın azlığından getmir. Balayevin rus agenti onu aldadıb. Ona deyib ki, birbaşa müqaviləyə gedirsən, Emil ora çatanda isə klub rəhbərliyi baxışa dəvət etdiklərini bildirib. Bizdə də dəfələrlə belə hallar yaşanıb. Millinin də qapıçısı bununla razılaşmayıb. Ola bilsin, klub rəhbərliyi durumu nəzərə alaraq, Balayevi mədəni surətdə yola salmaq üçün 3 min avro maaş təklif edib. Onlar biliblər ki, Emil bu maaşa orda qalmaq istəməyəcək. Norveç elə bir ölkədi ki, orda ən aşağı işdə çalışanlara bəlkə də 3 min avro verirlər. "Bude-Qlimt”lə əməkdaşlıq edən agentlərdən aldığım məlumata görə, klubda maaşlar çox yüksəkdi. Söhbət Norveç ikincisindən gedir, həvəskar liqada çıxış edən hansısa komandadan yox. Ona qarşı edilən hörmətsizliyin qarşılığında Emilin orda qalmayıb müvəqqəti vətənə dönməsini mən də dəstəkləyirəm. Emil geri dönəndən sonra "Bude-Qlimt”i xüsusi olaraq izlədim ki, görüm onun əvəzinə kimi dəvət edəcəklər. Ancaq bu günə kimi heç bir qokiperlə anlaşmayıblar. Bu isə o deməkdi ki, Norveçin vitse-çempionu heç də qapıçı axtarışında olmayıb. Sadəcə, agentlər və ya arada olan bəzi adamlar “tutar qatıq, tutmaz ayran” prinsipi ilə addım ataraq, Emili pis vəziyyətdə qoyublar”.

Vaqif Heydərli: “Burda söhbət təkcə maaşın azlığından getmir. Emilin Norveçə yollanmasında qaranlıq məqamlar yetərincədi. Adətən, belə sövdələşmələrdə futbolçu komandanın düşərgəsinə yollanmamış maliyyə və başqa şərtlər razılaşdırılır. Xırda nüanslar qalır ki, onu da sonradan həll etmək, ortaq məxrəcə gəlmək olar. İstər "Bude-Qlimt”, istərsə də başqa Norveç klubları olsun, onların büdcələri milyonlarla avro təşkil edir. Və Emilə təklif olunan maaşdan qat-qat artıq futbolçularına əməkhaqqı verirlər. Söhbət 15-30 min avrodan gedir. Klub rəhbərliyi bütün əlavə xərcləri üzərinə götürüb, qolkiperin məişət problemini həll etsəydi, bəlkə də qalıb 3 min avroya oynamaq olardı. Ancaq bunun heç birini etmirlərsə, orda qalmağın mənası yoxdu. Norveçdə yaşayış səviyyəsinin necə yüksək olduğunu hamımız bilirik”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu