
Fernandu Santuşun istefaya göndərilməsindən sonra milli komandamızın baş məşqçi postu hələ də boşdur.
Qarşıdan isə Fransa və Ukrayna ilə görüşlər gəlir.
Futbol ictimaiyyəti Ukrayna ilə görüşdə müvəqqəti olaraq yığmanın başında olan Ayxan Abbasovla yola davam etməyi doğru hesab edir.
Hətta onunla uzunmüddətli müqavilə imzalanması da təkliflər arasındadır.
Görəsən, hazırkı durumda millini kimə həvalə etmək doğru olar?
Sualımıza cavab olaraq milli komandamızın veteran yarımmüdafiəçisi Aslan Kərimov bunları dedi:
"Yalnız onu deyə bilərəm ki, mənə millidə yerli və ya əcnəbi olması fərq etmir. Bunu müsahibələrimdə hər zaman demişəm.
Əsas odur ki, yığmada olan məşqçi futbolçuları başa düşsün. Ölkənin mədəniyyətini anlasın.
Futbolçuları inandıra bilsin. Oyunçularla səmi bağ qura bilsin.
Düşünürəm ki, hazırkı məqamda bunları yerli məşqçilərdən yaxşı bacaracaq əcnəbi tapmaq çətin məsələdir. Hər dəfə Prosineçkini nümunə çəkirəm.
Əcnəbi olsa da zamanında sadaladığım amillərin öhdəsindən gəlməyi bacarmışdı. Bəlkə də məşqçi kimi Prosineçkidən savadlı əcnəbi məşqçilər millidə olub. Amma bu yöndə ciddi boşluqlar veriblər.
Ona görə fikirlərim o istiqamətdədir ki, bizim məşqçilərdən yaxşı bizim oyunçuları tanıyan kimisə görə bilmirəm. Məsələn, Aftandil Hacıyev, Rəşad Sadıqov və Ayxan Abbasovun məşqçi kimj bir-birindən fərqli cəhətləri ola bilər.
Amma hər birinin futbolçularla yaxşı bağ qurmaq bacarığı var. Bunu möhtəşəm şəkildə edə bilirlər. Hazırkı millidə ən zəif nöqtəmiz məhz həmin bağın qopmasıdır.
Düşünürəm ki, bu yerlilərdən biri ilə uzun müddətli yola çıxmış olsalar bunun nəticəsini mütləq görmüş olacağıq".
XANOĞLAN İMANOV