
DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə keçirilən səfər oyunundan sonra Ukraynada azarkeşlərin yerli futbolçulara təzyiqi gün keçdikcə artır.
Sportinfo.az xəbər verir ki, fanatlar 1:1 hesabı ilə yekunlaşan qarşılaşmanın ardından komanda üzvlərinin və məşqçilər heyətinin şəxsi sosial şəbəkə hesablarına “hücuma keçiblər”.
Saysız-hesabsız tənqidlər, təhqirlər və hədə-qorxular bəzilərini tədbir görməyə vadar edib. Belə ki, baş məşqçi Sergey Rebrov və müdafiəçi İlya Zabarnı instaqram səhifəsində şərhyazma bölməsini bağlayıb.
Bu üzdən onların səhifələrinə heç kim heç nə yaza bilmir. Onların bu addımı fanatları daha da qəzəbləndirib.
Nəticədə azarkeşlər fərqli platformalar vasitəsilə sözlərini komanda üzvlərinə çatdırmağa çalışırlar.
Ukrayna yığması növbəti oyununu oktyabrın 10-da İslandiyaya qarşı keçirəcək. Həmin gün millimiz Fransanın qonağı olacaq.