"Qarabağ"ın kölgəsində qalan MİLLİ UĞUR

17:00 Milli komanda 296
"Qarabağ"ın kölgəsində qalan MİLLİ UĞUR

Futbol ictimaiyyətinin əsas gündəmi "Qarabağ"dır.

Bu da səbəbsiz deyil. Ağdam klubu tarixində ikinci dəfə Çempionlar Liqasının astanasındadır.

Pley-off mərhələsinin ilk görüşündə səfərdə "Ferentsvaroş"i 3:1 məğlub edən təmsilçimiz cavab matçında məsələyə nöqtə qoymalıdır.

Başımız qarışıb "Qarabağ"a, bir başqa xoş hadisəni sanki unutmuşuq.

Belə ki, U-17 millisi yenə qələbə qazanıb. "Qarabağ"la eyni gündə meydana çıxan gələcəyimiz Monteneqro yığmasını minimal hesabla (1:0) udub.

Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda son 5 görüşdə məğlub olmur.

Bu qarşılaşmalardan 4-də millimiz qalib gəlib.

Yalnız gürcülərlə oyunda son dəqiqədə qol buraxaraq qələbəni əldən verib - 1:1.

Son illər bu yaş qrupunun belə uğurlu olmasını xatırlamıram.

Gənc mütəxəssis çətin şərtlər altında yaxşı işlər görür.

Maraqlıdır, uğurlu seriyanın sirri nədədir?

Sualımıza cavab olaraq Sportinfo.az-a açıqlama verən Aqil müəllim bunları dedi:

"Son dönəmlər həqiqətən yaxşı iş görülür. Komanda yüksəlişdədir. Bu ilin Mart ayında təyinat almışıq. Üçüncü toplanışımızdır. 6-cı oyunumuzu keçirdik. Oyun sayı çox olduqca daha yaxşı işlər görmək mümkündür. Zaman azdır. Bu toplanışdan sonra Avropa Çempionatının seçmə mərhələsi başlayır".

Görəsən, sınaq matçlarındakı uğurlu seriyanın ardını rəsmi görüşlərdə gətirmək mümkün olacaq?

Müsahibi dinləyək:

"Çətin qrupda yer almışıq. Fransa, İsrail, Rumıniya bizə rəqibdir. Buna rəğmən ümid edirik ki, ilk iki yerdən birini tuta biləcəyik. Kollektivə inanıram. Kaşki ötən ildən bir yerdə olardıq. Uşaqların yaxşı perspektivi var. Yaxşı işlər görmək olar".

Təbii ki, hamımızı əsas düşündürən sual budur - Bu komandadan A komandasına yüksəlmək potensialı olan adlar var?

Nəbiyevin cavabı gələcəyə nikbin baxmağa əsas verib:

"Bəzən deyirlər ki, Azərbaycanda futbolçu yoxdur. Mən bu fikirlə qəti razılaşmıram. Azərbaycanda yaxşı futbolçu var. Sadəcə düzgün istiqamətdə iş qurulmalıdır. Klublarda düzgün iş görülməlidir.

Millidə zaman az olur. Oyunçuların fiziki durumunu, təməl texnikaların artıra bilmirik. Buna rəğmən uşaqların inkişaf etməsi üçün maksimum hər şeyə vaxt ayırırıq.

2005-ci il yaş qrupunda da mən işləmişəm. Sevinirəm ki, Şahin Şahniyarov, Sadiq Şəfiyev, Xəyal Fərzullayev, Eşqin Əhmədov, Edqar Adilxanov, Rüfət Abbasov və bir çox uşaqlar bu gün Premyer Liqada çıxış edir. İnanıram ki, bu gün əlimizdə olanlardan da gələcəkdə eyni yolu gedənlər olacaq. Həmin uşaqları kütləvi şəkildə gənclər millimizə, əsas yığmaya qazandıra bilərik. Demək istədiyim odur ki, bu komanda ilə yaxşı iş görmək olar. Sadəcə vaxt, zaman lazımdır".

XANOĞLAN / SPORTİNFO.AZ

Qarşıdan Avropa Çempionatının seçmə oyunları gəlir.

İnanaq, ümid edək ki, bugünkü xoş nəticələrin davamı həmin rəsmi oyunlarda gələr.

Digər Xəbərlər
Xəbər Lenti