
“Komandada hər şey qaydasındadır.
Buna baxmayaraq, qələbə qazana bilməməyimizin səbəbini söyləməkdə çətinlik çəkirəm.
Sanki bəxt bizdən üz döndərib. İstər Latviya, istərsə də Macarıstanla matçlarda yaxaladığımız qol epizodlarını dəyərləndirə bilmədik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri milli komandamızın yarımmüdafiəçisi İsmayıl İbrahimli jurnalistlərə deyib.
O, millimizin Macarıstana 1:2 hesabı ilə uduzduğu yoxlama görüşünü belə şərh edib:
“Rəqibin güclü olduğu məlumdur. Macarıstan yığmasının heyətində ulduz futbolçular var. Buna baxmayaraq, yaxşı mübarizə apardıq, sonadək əlimizdən gələni etdik. Məğlub olmaya bilərdik. Təəssüf ki, matçın sonlarında əlimizdə düşən qol fürsətlərini dəyərləndirə bilmədik”.
İbrahimli millimizin baş məşqçisi Fernandu Santuş barədə müsbət fikirlər səsləndirib:
“Santuşun öz oyun fəlsəfəsi var. Hər zaman bizi qələbəyə kökləyir. Qarşıdan DÇ-2026-nın seçmə mərhələ oyunları gəlir. Qrupdakı rəqiblərimiz çox güclüdürlər. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik”.
27 yaşlı futbolçu “Zirə”nin başa çatmaqda olan mövsümdəki çıxışını da dəyərləndirib:
“Mövsümü ikinci pillədə başa vurduq. Bu, yaxşı nəticədir. UEFA Konfrans Liqasında çıxış edəcəyik.
Püşkatmadan çox şey asılıdır. Komandanın turnirdəki perspektivi barədə püşkatmadan sonra danışmaq olar. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.