.jpg)
“Komanda meydanda bir-birini yaxşı başa düşürdü.
Uşaqlar mübarizə apardılar, məğlubiyyət məni üzür”.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli evdə Macarıstana 1:2 hesabı ilə məğlub olduqları yoldaşlıq görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
28 yaşlı hücumçu bəxtlərinin gətirmədiyini söyləyib: “
1-2 futbolçudan başqa rəqibin özəlliklərini görmədim. Müxtəlif epizodlarımız var idi.
Oyunun sonunda qapıçımız Rza Cəfərov da qol vura bilərdi. Bu qarşılaşma bizə cəsarətli oynayanda və konsentrasiyamızı qoruyub saxlayanda nələr edə biləcəyimizi göstərdi. Buraxılan qollar da ani diqqətsizlikdən oldu”.
O, komandanın meydanda can qoyduğunu bildirib:
“Oturub kompüterdə statistikaya baxsaq, çox şey fərqli görünə bilər. Amma oyuna baxanlar deyə bilməz ki, uşaqlar can qoymadılar, pis oynadılar.
Həm əvvəldən oynayanlar, həm də sonradan daxil olanlar mübarizə apardılar. Çatışmayan qol və qələbə idi. Nəticə oyuna görə olmadı”.
Emreli bu atmosferdə qala biləcəklərinə ümid etdiyini vurğulayıb:
“Bu oyun uşaqlara özgüvən verə bilər. Macarıstan ad olaraq orta millidir, Avropa və dünya çempionatlarının iştirakçısıdır.
Bu cür rəqibə qarşı belə oyun onu göstərir ki, fikrimizi matça yönəldəndə, neqativ anları düşünməyəndə hər rəqibə qarşı yaxşı oyun nümayiş etdirmək olar”.
Forvard Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsinə hazır olub-olmadığını həmin oyunlar zamanı görəcəklərini əlavə edib.