Millidəki futbolçular üçün bir cümlə

10 İyun 19:00 Milli komanda 423
Millidəki futbolçular üçün bir cümlə

Azərbaycanın futbol millisinin üç gün əvvəl Latviya ilə yoldaşlıq görüşündən sonra azarkeşlərdə azacıq ümid yaranıb.

Çox yox, qaşığın ucu boyda.

Riqadakı 0:0-dan sonra heyət baxımından bir xeyli yenilənmiş komandanın növbəti matçlarda parlaq görünəcəyini, rəqiblərinə baş ağrısı yaradacağını təxmin edənlər var.

Növbəti görüş bu gün macarlara qarşıdır. Seçmə oyun-filan deyil, bu da sınaq matçıdır. Fərq budur ki, indi doğma meydanda, Xəzər dənizinin sahilindəki “Liv Bona Dea Arena”da oynayırlar.

Stadionun yolunu tutanlarının sayının ciddi rəqəm yaradacağına inam azdır. Milli komandaya ümidlər çoxdan tükənib. Əsas yük televizorların üzərinə düşəcək. Hər nə qədər nifrət formalaşsa da, ürəklərin dərinliyində bir o qədər sevgi yatır. Milli komandadır axı.

Bəli, Macarıstan seçməsi komandamızdan qat-qat güclüdür. 20-yə yaxın futbolçusu Avropanın aparıcı klublarının şərəfini qoruyur. Təcrübə baxımından bizimkiləri çox-çox üstələyir. Yəni hər şey onların xeyrinədir.

Azərbaycanlı futbolçulara üzləri güldürən nəticə qazanmaq üçün güc verən başlıca məqam iyunun 1-də Bakıda keçirilən final qarşılaşmasında millimizin macarları məğlub etməsidir. Yəni həmin oyunu göz önünə gətirməkdən yaxşı motivasiya ola bilməz.

Minifutbol komandamızın Macarıstanı udacağı sual altında idi. Puşkasın həmvətənləri yarımfinalda Serbiya kimi güclü rəqibi mübarizədən kənarlaşdırmaqla gücünü göstərmişdi.

Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv rəqibin adından və yarımfinalda göstərdiyi performansdan qorxmadı. Əksinə, macarların dirəniş göstərməsi bizimkilərə əlavə güc verdi, məsuliyyət hissini artırdı. Və ilk hissədə vurulan 4 qolla yekunda 4:2 hesablı qələbə əldə olundu.

Sözsüz, futbolla minifutbol eyni deyil. Arada yerlə göy qədər fərq var. LAKİN VƏTƏNPƏRVƏRLİK HİSSİ VƏ MEYDANDA CANINDAN KEÇMƏK BAHASINA DÖYÜŞMƏK MƏSULİYYƏTİ DƏYİŞMƏZ QALIR. Bu ikisini dərindən dərk edəndə hədəfə çatmaq mümkün olur.

Minfutbolda olduğu kimi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!