Milli komandadan macarlar önündə nə gözləyək? - Qorxulu FAKTLAR

10 İyun 17:00 Milli komanda 292
Milli komandadan macarlar önündə nə gözləyək? - Qorxulu FAKTLAR

Azərbaycan millisi bu gün növbəti matçına çıxacaq.

Fernandu Santuşun komandası yoxlama matçında Macarıstanı qonaq edəcək.

Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında arxada qalan 9 matçda qələbə qazanmaq müşkülə çevrilib.

Son 5 oyunda isə qol vurmaq hissini də unutmuşuq.

Bu gün uğursuz gedişə son qoymaq mümkün olacaqmı?

"Bəli" cavabı reallıqdan çox uzaqdır.

Seçmə mərhələ oyunları bir kənara, Belarus, Haiti və Latviya kimi dişimizə görə rəqiblərlə matçlarda ortaya qoyulan oyun müsbət nəticəyə ümid vermir.

Bu yığmanın nəinki qələbə qazanmaq, hətta qol vurmaq instinkti itib.

Belədə bir anda nə dəyişə bilər ki, Macarıstan kimi daha güclü rəqiblə oyunda möcüzə reallaşsın?

Məsələn, rəqib sınaq matçı deyib, Bakıdakı oyuna ciddi yanaşmaya bilərdi.

Meydana eksperiment heyətin çıxması futbolçularımız üçün umid yaratmış olardı.

Amma oyun öncəsi mətbuat konfransında qonaqların baş məşqçisi Marko Rossi və futbolçusu Loik Neqonun açıqlamaları bu ehtimalları puç etmiş oldu.

Hər iki şəxsin fikirlərin rəqibin qarşılaşmaya nə qədər ciddi yanaşmasını göstərdi.

Məsələn, Rossi "Elə vəziyyətdə deyilik ki, digər rəqiblərə yuxarıdan aşağı baxaq. Azərbaycana qarşı oynamaq bizim üçün asan olmayacaq. Milli komanda səviyyəsində asan oyun yoxdur. Sabah topa daha çox nəzarət etməliyik" - deməklə bizimkilərə yuxarıdan aşağı baxmadığını göstərmiş oldu.

Neqo isə "Bizim üçün vacib oyundur. Yoldaşlıq oyunu deyilən bir anlayış yoxdur. Bura öz işimizi görməyə gəlmişik.

Bizim üçün nəticə önəmlidir. Hər zaman qələbə qazanmaq istəyirik. Qalib gəlmək üçün meydanda düzgün işlər görmək lazımdır" açıqlaması ilə qələbə hissini qabarıq şəkildə büruzə verdi.

Görünən odur ki, hansı pəncərədən baxsaq axşamkı matç yaxşı nəsə vəd etmir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti