
Azərbaycan milli komandası sabah Bakıda Macarıstanla yoldaşlıq oyununda üz-üzə gələcək.
Sportinfo.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bizim üçün vacib oyundur. Bütün rəqibləri təhlil edirik və hər birinə hörmətlə yanaşırıq. Rəqibin oyun üslubunu bilirik. Çətin oyun olacaq. Buna baxmayaraq, futbolçularımız istəkli və motivasiyalıdırlar. Ümid edirəm sabah bunu meydanda göstərə biləcəklər.
- Heyətdə zədəli futbolçular var?
- Yalnız Elvin Bədəlovdur.
- Latviya ilə oyunla müqayisədə heyətdə dəyişikliklər etməyi planlaşdırırsız?
- Əlbəttə ki, oyunçuların durumuna görə bəzi dəyişikliklər olacaq.
- Hər iki komanda son oyunlarda qələbə qazana bilməyib. Sabah azarkeşləri nə gözləyir? Macarıstan millisinin üstün cəhətləri hansılardır?
- Macarıstan millisini yaxşı tanıyıram. Onlarla bir neçə dəfə qarşılaşmışam. Çox yaxşı təşkil olunmuş komandadır. Bizə də qələbə lazımdır. Sabah hər iki komandadan yaxşı oyun gözləyirəm.
- Macarıstan millisini necə xatırlayırsınız?
- Çox yaxşı komandadır. Avro-2020-də ilk oyunumuz onlara qarşı olub. 80 dəqiqə oyun heç-heçə gedirdi. Macarıstan futbolu son dövrlərdə inkişafdadır. Keçmişi xatırlamaq istəmirəm. Öz komandamı hazırkı Macarıstan yığmasına qarşı hazırlamışam.