Milli formada gəzişən 11 nəfər...

16:05 Milli komanda 282
Milli formada gəzişən 11 nəfər...

Azərbaycan Latviya millisi ilə sınaq matçına 7 müdafiəyönümlü, 2 nəfər isə qismən ön xətt oyunçusu saya biləcəyimiz heyətlə çıxmışdı.

Söhbət dünya sıralamasında 136-cı pillədə yer alan rəqiblə görüşdən gedir.

Bu qədər qorxaq futbola üstünlük verməyə nə ehtiyac vardı? Hələ-hələ yoxlama matçında...

90 dəqiqə oyun mərkəzdə keçdi. Bəzi məqamlarda gah millimiz, gah da latviyalılar topla daha çox vaxt keçirən tərəf olurdu.

100%-lik qol imkanından danışmaq mümkün deyil.

Heç kimin əlinə belə fürsət düşmədi.

Hətta Mahir Emrelinin yaxaladığı imkan da yarım qol epizoduna daha çox oxşayırdı.

Santuş öncə Elvin Cəfərquliyevin sürətinə bel bağladı, fasilədən sonra gözləntisini Xəyal Əliyevin üzərində qurdu.

Yekunda ciddi nəticə hasil olmadı. Nə Elvinin, nə də Xəyalın qismən aktiv olması nəyisə dəyişmədi.

Sanki komanda Avropaya oyun keçirməyə yox, gəzinti üçün yollanmışdı.

Motivasiya yox, istək sıfır.

Milli formada gəzişən 11 nəfər...

Sonda da portuqaliyalı mütəxəssis çıxıb dedi ki, tək çatmayan şey qol oldu.

Söz oyunu, bəhanələr arxasında gizlənmək davam edir.

İllər və xərclənən pullar havaya sovrulduğu kimi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti