"Hər iki təklifi götür qoy etdim və yığmada çalışa biləcəyimə qərar verdim"

5 İyun 02:00 Milli komanda 529
"Hər iki təklifi götür qoy etdim və yığmada çalışa biləcəyimə qərar verdim"

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin analitiki Vüqar Mustafayev yığmadakı təyinatı ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, "Sumqayıt"ın sabiq futblolçusu məsuliyyətli işə cəlb olunduğunu söyləyib.

"Bəzi səbəblərə görə futbolçu karyeramı başa vurmalı oldum. Sonuncu çıxış etdiyim "Sumqayıt" rəhbərliyindən iş təklifi almışdım.

Eyni zamanda U-21 millisinin baş məşqçisi Ayxan Abbasov da məni məşqçilər heyətində görmək istədiyini bildirdi. Hər iki təklifi götür qoy etdim və yığmada çalışa biləcəyimə qərar verdim.

Mənə güvənən hər kəsə öz təşəkkürümü bildirirəm. Bu, çox məsuliyyətli bir işdir. İnanıram ki, vaxtı ilə futbolçu kimi şərəfini qoruduğum yığmaya bu dəfə analitik kimi fayda verəcəm", - o, bildirib.

V.Mustafayev gələcəkdə baş məşqçi kimi fəaliyyət göstərmək istədiyini deyib:

"Artıq ilk addımı atdım. Təcrübə toplamaq, çalışdığım kollektivə yararlı olmaq istəyirəm. Gələcəkdə hər şey ola bilər. Nə vaxtsa özümü baş məşqçi kimi də sınaya bilərəm. Lakin düşünürəm ki, bu, bir qədər tezdir. Özümü yoxlamaq, bu işdə nə qədər irəli gedə biləcəyimi görmək istəyirəm. Əgər alınsa, məqsədim baş məşqçi olmaqdır".

Hazırda Belarusda təlim-məşq toplanışı keçən U-21 sabah bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Baranoviçi şəhər stadionunda təşkil olunacaq görüş yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu