"Səhvlərimi həmişə qəbul edirəm, müqayisədən xoşum gəlmir"

30 May 2020 00:42 Maraqlı 769
"Səhvlərimi həmişə qəbul edirəm, müqayisədən xoşum gəlmir"

Sportinfo.az xəbər verir ki, Azərbaycanın tanınmış şərhçisi, “İdman” telekanalının əməkdaşı İsmayıl Abdullayev sportal.az-a danışıb.

- Şərhçiliyə gələn yoldan danışardınız.

- Əslində, bu yol uzun və enişli-yoxuşlu olub. Hələ uşaq yaşlarımda olarkən, demək olar ki, bütün futbollara baxırdım - rus, türk və təbii ki, doğma dilimizdə. Futbolu ifrat dərəcədə sevməyim gələcəkdə ya futbolçu, ya da futbol şərhçisi olmaq arzumu formalaşdırmışdı. Amma səhhətimlə əlaqədar, həm valideynlərimin qoyduğu sədd, həm də təhsilim futbolçu olmaq arzumun üstündən xətt çəkdi. 2000-ci ildə orta məktəbi bitirib, Bakı Slavyan Universitetinə daxil olduqdan sonra isə ikinci diləyimin də gerçəkləşməsi məndə müəyyən mənada şübhələr yaradırdı. Amma hər şey 2005-ci ildə kökündən dəyişməyə başladı. 2004-2005-ci illər ərzində hərbi xidmətimi başa vurduqdan sonra bir müddət işsiz qaldım. 2005-ci ildə isə ANS-də mühafizə xidmətində çalışan bibimin oğlu soruşdu ki, TV-də işləmək istəyərsən? Cavabım düşünmədən “əlbəttə, hə” oldu. İndiyə kimi yaxşı xatırlayıram, 2005-ci ilin noyabr ayı idi, ANS-ə müraciət etdim və təcrübə toplayan müxbir kimi “İç xəbər” redaksiyasında sınaqdan keçməyə başladım. Orada çalışan həmkarlarım da təsdiqləyər ki, ANS-də nizam-intizam necə yüksək həddə idi. Əsas da İlqar Mikayıloğlunun “İç xəbər”də rəhbər olduğunu nəzərə alsaq, demək olar ki, ikinci hərbi xidmətimə başlamışdım. İlqardan savayı həmin redaksiyada başqa “əjdahalar” da var idi: Fidan, Ləman, Anar, Billurə və rəhmətlik Natiq. Maksimum çalışırdım ki, hamıdan nəsə öyrənim. Şükürlər olsun ki, hər çəkiliş zamanı onları “yarıdırdım”. Amma ürəyim idmanla döyünürdü və o şöbəyə keçmək üçün alışıb-yanırdım. Dekabrda isə Vahid Mustafayevin qərarı belə oldu ki, yeni işçilər mütləq ANS kursu keçməlidirlər. Hər nə qədər mənim haqqımda xoş sözlər deyilsə də, xeyri olmadı. Mən də kursantlara qoşulmalı, oxumalı və yekunda imtahan verməli oldum. Təxminən 8 aylıq təhsildən sonra imtahandan üzüağ çıxan 13 tələbədən biri oldum. Amma bu dəfə “Xəbərçi” redaksiyasında prodüser vəzifəsində fəaliyyətə başladım. Bu isə o deməkdir ki, “İdman” şöbəsinə və arzumun reallaşmasına bir addım da yaxınlaşmışdım. “Xəbərçi” , “İqtisadiyyat” və “İdman” redaksiyası “Newsroom”da çalışırdı. ANS-in mənə bəxş etdiyi universallıqdan biri də montaj sistemini öyrənməyimdir. Prodüser kimi işləyə-işləyə diqqətim “İdman”da olan Asif Bağırov, Gündüz Abbaszadə, Namiq Abbasov, Elnur Məmmədli və Ceyhun Rzayevdə idi. Hətta gecə növbəsində işimi tez bitirib, UEFA Çempionlar Liqasını bizə öz doğma dilimizdə şərh edən həmkarlarıma şüşə arxasından həsrətlə baxırdım. Onlara bu qədər yaxın ikən, bir o qədər də bu sahədən uzaq olmağım isə məni heç də həvəsdən salmır, əksinə hədəfimə doğru yaxınlaşdırırdı. 2007-ci ildə Ceyhun Rzayevin “Xəzər TV”-yə keçidindən sonra boş olan yerə getdim. Bu baxımdan Gündüz sağ olsun, mənə çox kömək oldu. İclasların birində Abbaszadənin təklifi nəticəsində “Xəbərçi”dən “İdman Azərbaycan”a transfer oldum. Buradakı fəaliyyətimi və göstərdiyim canfəşanlığı sözlə ifadə etmək çətindir. Qısa vaxt sonra “İdman xəbərləri”nin aparıcısı kimi sınandım. Daha sonra isə 1-2 dəfə “Bol futbol” verilişinin aparıcısı oldum. Hətta ilk qonağımız Ağasəlim Mircavadov olmuşdu. Amma hələ də ağlım, fikrim şərhçilikdə idi. Əfsuslar olsun ki, ANS-də bu arzumu gerçəkləşdirə bilmədim. 2009-cu ildə “İdman Azərbaycan” telekanalının açılması ilə ümidlərim də yenidən doğuldu. Bir vaxtlar ANS-də prodüser kimi bir yerdə işlədiyim Zakir Musayev həmin vaxt AzTV-də çalışırdı. Məhz onun köməyi ilə qonşuluqda olan telekanala keçməyə qərar verdim. Yeni işimdə 2 gündən sonra idman xəbərlərinin aparıcısı kimi efirə çıxdım. Rəhbərliyin təxminən 10 gün sonra “Şərhçi kimi efirə hazırlaş” tapşırığı isə mənə sanki dünyaları bəxş etmişdi. O an uşaqlığımdan həmin günə kimi olan zəhmətim, istəyim və arzularım gözümün önündə canlandı. “Vilyarreal” – “Barselona” oyununda ilk şərhimə başladım və işə Siyavuş Əliyevlə start verdim. Daha iki dəfə qoşa şərhdən sonra isə Siyavuşun “Həftəsonuna hazırlaş , şərhdə artıq tək olacaqsan!” deməsi mənə başqa bir xoşbəxtliyi vermişdi.

- Bu peşəni daha çox kimin fəaliyyətinə görə sevmisiniz?

- 1984-cü il təvəllüdəm. Atam 3-4 yaşımda olarkən məni həmişə Tofiq Bəhramov adına Respublika stadionuna “Neftçi”nin oyunlarına aparırdı. TV-də də oyunları türk və rus şərhçilərin təqdimatında izləyirdim. Uşaqlıqda idmanla bağlı verilişləri qaçırmırdım. Bizə daha yaxın türk şərhçiləri idi, elə indi də belədir. Avropa və dünya çempionatı TRT kanalında yayımlanırdı. Şərhçilərdən Levent Özçelik, Yalçın Çətin, daha sonra gələnlərdən isə Ertem Şener, Güntekin Onay və basketbolu əla şərh edən Murat Kosovanı vurğulamaq olar. Rus kanallarında da maraqlı verilişlər və Çempionlar Liqasının icmalları yayımlanırdı. Bir sözlə, idman proqramlarına baxırdım. AzTV-də Fikrət Adıgözəlli, Elnur Əşrəfoğlu və Altay Əliyevin təqdimatında milli komandamızın oyunlarını izləyirdik. “Futbol da bir dünyadır” və “Sport Daycest” kimi verilişləri qaçırmırdıq. O dönəm internet imkansız idi, məlumatları qəzet və verilişlərdən əldə edirdik. Hər şərhçinin öz tərzi var. Uşaqlıqda hamısına baxıb, hər kəsdən bir şey götürmüşük. Zövqlər fərqlidir. Məni 5 nəfər bəyənirsə, elə bu qədər də bəyənməyən ola bilər. Digər şərhçilər üçün də belədir. Çalışırıq ki, təcrübəmizi artıraq.

- Şərhçilərin fəaliyyətinin tez-tez müzakirə olunmasına münasibətiniz necədir?

- Ən yaralı yerlərimizdən biridir. Həmişə tənqidə açıq olduğumu bildirmişəm. Təbii ki, söhbət sağlam tənqiddən gedir. Xatırlayıram, ilk şərhimdən sonra məhəlləmizdə uşaqlar öncə məni təbrik etdilər və sonra dedilər ki, efirdə lakin ifadəsini tez-tez işlədirsən. Onlar mənə bunu irad kimi bildirdilər və mən də onlara təşəkkür etdim ki, səhvlərimi deyin ki düzəldim. Bəzən şərhlərimə baxıb, səhvlərimi düzəltməyə çalışıram. Ancaq kənardan səhvlər daha asan görünür və bunu mənə demək çox yaxşıdır. Yanlışlıqları deyən adama həmişə təşəkkür edirəm. Məncə, digər həmkarlarım da belə düşünür. Onların da sağlam tənqidə açıq olduqlarını fikirləşirəm. Ancaq indi elə bir vəziyyətdir ki, bizim faəliyyətimizi sanki şou-biznes müğənnilərinin işlərinə bənzədir, onlarla müqayisə edirlər. Bilmirəm, bəlkə də şərhçilərin auditoriyasından istifadə edib, “like”, “comment” toplamaq istəyirlər. Gerçək səbəblərini həqiqətən də bilmirəm, amma açığı, bəzən xətrimizə dəyir. Tərəfdarı deyiləm ki, şərhçini başqa həmkarı ilə müqayisə etsinlər. Bu müqayisədən xoşum gəlmir. Səhvlərimi həmişə qəbul edirəm. Tənqidi çatdıran insanın fikrini normal qarşılamışam. Böyük çərçivədə müzakirələr məncə, yaxşı hal deyil. Tənqidlər olsun, bu, öz yerində. Ancaq sosial şəbəkələrdə səsvermə keçirmək həddinə çatmaq lazım deyil. Bu yaxınlarda təcrübəli həmkarlarımız – Fikrət Adıgözəlli və Rövşən Binnətlinin ünvanına lağ xarakterli status paylaşılmışdı. Həmin postu mən təhqir hesab edirəm. Mən buna etiraz olaraq, geniş status yazdım. Kim güclüdür, kim daha yaxşıdır müqayisələrinin əleyhinəyəm. Bizim kanalda tez-tez şərhçi konkursları keçirilir. Bu peşəyə yiyələnmək istəyən, gənclər, yaşıdlarımız müraciət edib, sınaqdan keçirlər. Bir şəxs gələndə bildirmişdi ki, Azərbaycanda şərhçilik yoxdur və mən ən yaxşı olmağa çalışacağam. Biz də susub kənardan baxırıb. Həmin dönəm kanalımızın müdiri Elsevər Dünyamalıyev onun fikirlərini eşitdikdən sonra şərh etməsi üçün otağa dəvət etdi. İnanın ki, ona kimsə mane olmadı, şərh edəcəyi oyunu əvvəlcə özü seçmişdi. Otağa daxil olanda hamı tərk etdi ki, özünü rahat hiss etsin. 5-6 dəqiqə keçdikdən sonra otaqdan həyəcanlı halda çıxdı ki, bağışlayın, sözümü geri götürürəm, bu qədər çətin və məsuliyyətli iş olduğunu bilmirdim, tənqidlərim üçün üzrlü sayın, bu iş mənlik deyil. Biz özümüz də kənardan maraqla baxdıq. Həqiqətən də işimiz çətin və məsuliyyətlidir. Əbəs yerə deyilmir ki, şərhçilik idman jurnalistikasının şahıdır. Nə yaxşı ki, bu peşə və xoşbəxtlik bizə nəsib olub. Tamaşaçıların zövqünə oxşamaq üçün dayanmadan çalışmaq lazımdır. Görəcəyimiz işlər çoxdur.

- Sizə yönələn tənqidlər daha çox hansı xarakterli olub?

- Tənqidlər çox olub. Səsimi çox yüksəltdiyimi və həyəcanımı ortaya çox qoyduğumu deyənlər var və buna görə tənqidlər olub. Bu səbəbdən məni xoşlamayan çox insan var və bunu normal qarşılayıram. Futbolu uşaqlıqdan o qədər sevirəm ki, oyun zamanı özümü meydandakı futbolçulardan biri kimi hiss edirəm. O dərəcədə oyunu yaşayıb, daxil oluram və bunu tamaşaçılara çatdırmağa çalışıram. Millimizin və klublarımızın Avropadakı oyunlarında bu həyəcan daha da artır. Maraqlı futbol olanda səsim də yüksəlir. Amma maraqsız oyun gedəndə, sürət aşağı olanda çalışıram ki, tamaşaçı kanalı dəyişməsin. Şərhə maraq qatıb, tamaşaçını oyunda saxlamağa çalışıram. Etiraf edirəm, səsim bəzən çox çıxır, bu da futbolu yaşamağıma görədir. Ötən ilin yayında böyük anlaşılmazlıq olmuşdu. “Çelsi” – “Mançester Yunayted” matçında Nqolo Kante ilə bağlı dediklərim böyük söz-söhbətə səbəb oldu. İstəməzdim ki, həmin məsələyə qayıdım. “Çelsi” azarkeşlərini başa düşürəm və onlarla ünsiyyətdə olmuşdum. Fikirlərimin irqçilyə aid olmadığını bildirmişdim. Bu, ola da bilməz. Mövqeyində ən bəyəndiyim futbolçulardan biri məhz Kantedir. Zarafat ilə dediyimi çox şişirtdilər. Hətta həmkarlarım arasında da bunu böyüdənlər oldu. Onlardan gözləyirdim ki, bu iradı mənimlə əlaqə saxlayıb, özümə desinlər. Mən bir qıraqda qalım, kanalın rəhbərliyi ola-ola həmin statuslar və yazıların qeyd edilməsi məni özümdən çıxarmışdı. Orada irqçilik etmək fikrim yox idi, hamımız insanıq. Dinindən və irqindən asılı olmayaraq, hər kəsə hörmət etmək lazımdır. Heç vaxt fərq qoymamışam və qoymayacağam da. “Çelsi” böyük hesabla uduzmuşdu. Məğlubiyyət və mənim o ifadəm azarkeşləri bir qədər də qıcıqlandırmışdı. Ancaq barışmışıq, sağ olsunlar, hamısına böyük hörmətim var. İstəyirəm ki, hamımız bir-birimizi anlayaq. Azərbaycan futbol ölkəsi olmasa da, azarkeşlər və şərhçilər bu idman növünü çox sevir. İradları başa düşmək olar, amma təhqir olmamalıdır. Hər şeyi başa düşməyə çalışırıq. Filmlərimiz və tamaşalarımızdan bəzən sitatlar gətirməyi çox sevirəm. Bəzən tənqid edirlər ki, bunu yeri yox idi. Ölkəmizdə “Neftçi”nin fanatıyam. 1995-ci ildən isə “Yuventus”a azarkeşlik edirəm. Ölkə çempionatının yayım hüququ bizdə olanda “Xəzər Lənkəran” azarkeşlərindən çox tənqid görürdüm. “Neftçi” – “Xəzər Lənkəran” oyununda tərəfkeşlik etdiyimi deyirdilər. Ancaq belə olmayıb. Sadəcə, eşitmişdilər ki, “Neftçi”nin azarkeşiyəm, ona görə belə deyirdilər. Ümumiyyətlə, fanatı olduğum klubları gizlətmirəm. Bəlkə də azarkeşlərdə belə fikir formalaşmışdı, amma belə deyil. “Xəzər Lənkəran”ın Bakıda “Neftçi”ni 4:3 hesabı ilə məğlub etdiyi kubok oyununda qollara çılğın reaksiya vermişdim. Nə lazım idisə, etmişəm ki, tərəfkeşlik hiss olunmasın. Bir dəfə Lənkəran şəhər stadionunda “Xəzər Lənkəran” – “Neftçi” oyunundan öncə yerli fanatlar şərhçi otağına daxil olub, iradlarını bildirdilər və mən də onları sakit dinlədim. Daha sonra onlara dedim ki, “Neftçi” azarkeşi olsam da, şərhlərimdə bunu hiss edə bilmərsiniz və xahiş edirəm, nə vaxt istəsəniz, danışa bilərik, amma indi oyun başlamaq üzrədir, otağı tərk edin, çünki efirə qoşulmalıyam. 2013-cü ildə Çempionlar Liqasında keçirilmiş “Qalatasaray” – “Yuventus” matçına görə tənqidlər çox oldu. Hətta “Facebook”da ünvanıma təhqirlər da yazılmışdı. “Hamı məni “Yuventus” azarkeşi kimi tanıyır, amma ölkəmizdə “Qalatasaray” azarkeşləri daha çoxdur. Buna görə məndən “Qalatasaray”ın leyhinə şərh gözləyirlərsə, olmayacaq. Özüm “Yuventus” azarkeşiyəm, qarşı tərəfdə isə qardaş ölkənin komandası. Neytrallığı pozmayacağam”, - oyundan öncə status paylaşdım. Həmin matçı tək şərh etdim və tərəfkeşlik olmadı. Vurulan 4 qola eyni reaksiya göstərdim. Hətta “Qalatasaray”ın 2-ci qolunda səsim batmışdı. Sadəcə ona görə tənqid edildim ki, “Yuventus”un qollarına niyə çılğın sevindim. Müəyyən anlaşılmazlıqlar olur. Yekunda qarşılıqlı anlayış olmalıdır. Ölkədə 30-a yaxın şərhçi var və bizi dinləyən milyonlarla tamaşaçı. Şərhçilər arasında əla münasibət var. Çox istərdim ki, tamaşaçılarla da belə münasibətimiz olsun.

Image may contain: 1 person

- Şərhlərinizin təkrarına baxıb, səhvlərinizin üzərində işləməyə vaxt tapa bilirsiniz?

- Vacib məqamlardan biridir. Həftə ərzində işimiz çox olur. Pis çıxmasın, əksər şərhçilərimiz universal əsgərlərdir. Veriliş aparır, şərh edir, reportaj hazırlayırıq. Digər kanallarda da belə şəxslər var. İşimiz yetərincə çoxdur. Veriliş və şərhlərin təkrarı gedəndə baxıb, səhvlərimizi axtarırıq. Maksimum şəkildə çalışırıq ki baxaq və səhvləri düzəldək. Vacib amildir.

- İdman və futbol yarışları olmadığı üçün şərhçilərin 2 ay ərzində işlər necə getdi? Almaniya Bundesliqası artıq bərpa edilib. Yenidən oyunları şərh etmək necə hissdir?

- 2 ay çox əziyyət çəkdik. Tək futbolları deyil, digər idman növlərini də şərh edirik. Pandemiyaya görə işimiz çətinə düşdü. Çox darıxırdıq, futbol idmanın şahıdır. İdman jurnalistikamızda da bu idman növünə daha çox üstünlük verilir. Çalışırdıq ki, boş dayanmayaq, “paslanmayaq”. Köhnə oyunları şərh edirdik, arxivlərə nəzər yetirirdik. Təklif oldu ki, bizdə yayımlanmayan dünya və Avropa çempionatının oyunlarını, avrokubokların maraqlı matçlarını “Youtube”dan yüksək keyfiyyətlə yükləyib, şərh edək. Əfsuslar olsun ki, hamısını tapmaq mümkün deyildi. Çempionlar Liqası və Avropa Liqasının klassik matçlarının icmallar göndərilirdi və bunları şərh edib, formada qalmağa çalışırdıq. Kiber oyunları ilk dəfə “İdman” kanalında şərh etdik və fikrimcə, uğurlu oldu. Bu yaxınlarda şərhçilər arasında da kiber yarış olacaq. Boşluqda nəsə etməyə çalışırdıq, amma çox çətin idi. Böyük futbol Bundesliqa ilə qayıtdı. Çempionatın yayım hüququ “İdman”da olduğu üçün bu xoşbəxtliyi yenidən yaşadıq. Rəhbərliyin təyinatı ilə açılış matçını – “Rur” derbisini şərh etdim. O qədər darıxmışdım ki, tamaşaçının içində olan həsrət sona çatdığı üçün reportaja xüsusi giriş etdim. 11 ildir ki, şərhçilik edirəm və bu oyunda çox həyəcanlı idim. Sanki Çempionlar Liqasının və ya dünya çempionatının final matçına hazırlaşmışdım. Elə bil ki, ilk şərhim idi və o dərəcədə məsuliyyətli hazırlaşımışdım. Erlinq Holand fərqlənəndə, öz-özümə fikirləşdim ki, qol sözünü əvvəlki kimi qışqıra bilirəm, yoxsa yox? Sonra gördüm ki, hər şey qaydasındadır, bu hissləri tamaşaçılara ötürə bildim. İş yoldaşlarıma və “CBC Sport”dakı həmkarlarıma da uğurlar arzu edirəm. İnanırıq ki, bu işin öhdəsindən gələcəyik və tamaşaçıların zövqünə oxşamağa çalışacağıq.

- Azarkeşsiz keçirilən oyunları şərh etmək necədir?

- Bu, həm bizə, həm də azarkeşlərə çətin olur. Futbolun bəzəyi azarkeşdir və bu durumda oyun sıxıcı görünür. Futbol üçün o qədər darıxdıq ki, hətta azarkeşsiz keçirilməsinə də razı idik. Tribunalardakı səssizlik qulağımızda cingildəyəndə şərhimizə də müəyyən təsir edir. “Rur” derbisini şərh edəndə bunu yaşadım. Hələ “Siqnal İduna Park”ı belə görməmişdik. Futbolçular bir-birlərinə ötürmə edərkən ayaqdan çıxan səs, məşqçilərin tapşırıqları aydın eşidilirdi. Həqiqətən də çox çətindir. “Bavariya” – “Ayntraxt” matçında maraqlı məqam diqqətimi çəkdi. Stadion boş olsa da, azarkeşlərin səsi səsötürücü vasitəsilə stadiona yerləşdirilmişdi. Qol vurulanda buna reaksiya verirdilər, rəqib fərqlənəndə isə etiraz səsləri gəlirdi. Azarkeşsiz keçirilən oyunlar üçün klublar nəsə fikirləşib, çarə tapmağa çalışırlar ki, maraq azalmasın. Yaxşı ki, bundan istifadə edildi. Çox istərdim ki, digər klublar da yeni üsuldan istifadə etsin.

- Təcrübəli şərhçilərdən kimləri bəyənirsiniz? Bəs yeni gələn nəsildən kimləri fərqləndirə bilərsiniz?

- ANS-də birgə çalışdığım Asif Bağırovun şərhini daha çox bəyənirdim. Onun özünəməxsus şərhi və oyuna fərqli yanaşması var idi. Maraqlı epizodlara fərqli şərhlər verirdi. Filmlərdən, tamaşalardan və bədii əsərlərdən sitatlar gətirib, şərhi rənagərəng etmək bacarığı çox yüksək idi. Bu baxımdan Asifdən çox şey öyrənmişəm. Çalışıram ki, onun yolunu müəyyən mənada davam etdirim. Bunu etiraf edirəm. Bu tip şərhləri Asif Bağırovdan götürmüşəm. Hər zaman vurğulamışam ki, hazırda ən çox bəyəndiyim şərhçi Siyavuş Əliyevdir. Bəzi azarkeşlər onu emosiyasının az olduğu üçün bəyənməyə bilər, hər şey zövqdən asılıdır. Emosiya az ola bilər, amma idman növlərindən o qədər məlumatlıdır ki, onu dinləyəndə yorulmursan. 90 dəqiqə ərzində ondan çox şey öyrənirəm. Mənə görə Azərbaycanda bir addım öndədir. Təcrübəli şərhçilərimiz çoxdur. Futbolun qaydalarını çox yaxşı bilən Gündüz Abbaszadəni qeyd edə bilərəm. Bir zamanlar ANS-də birgə çalışmışıq. Fikrət Adıgözəlli, Rövşən Binnətli kimi təcrübəli həmkarlardan düzgün şərhi öyrənib, artıq sözlərdən qaçmışıq. Həqiqətən bu insanlar məktəbdir. Digər kanallarda çalışan şərhçilərin işini hər zaman qeyd edirik. İTV kanalındakı həmkarım Tural Dadaşovla da birgə şərhlərim olub. Adlarını çəkmədiklərim ola bilər, üzrlü saysınlar. Hər kəsin öz dəst-xətti və auditoriyası var. Rüstəm Əfsərli ilə Siyavuş Əliyevin şərhləri bir-birinə yaxındır. Rüstəmdə də oyun zamanı analiz və təhlil yüksək səviyyədədir. Bunu da onun uzun müddət Azərbaycan futbolunun içində olması ilə əlaqələndirmək olar. “İdman” kanalının bütün şərhçiləri – Rəşad Rafiqoğlu, Tural Məmmədli, Nurlan Hacıyev, Fərid Ramazanov, Tərlan Şahinoğlu, İqbal Aslanov və Ramiz Mirzəzadəni çox bəyənirəm. Kanalımıza yeni gələnlərdən isə Əli Tağızadəni vurğulayardım, öz üzərində çox çalışır və perspektivlidir. Bu formada davam etmək lazımdır. Kimsə başqasını təkrarlamasın, onda maraqsız olacaq. Hər kəs öz yolu ilə getməlidir.

Image may contain: 6 people, including Iqbal Aslanov and Farid Ramazanov, people smiling, people standing and suit

“CBC Sport”dakı həmkarım Pərviz Musayevin də şərhindən yorulmuram. Özünün xüsusi dəst-xətti var. O, şərhdə sanki tamaşaçı ilə söhbət edir. Çox maraqlı şərhçidir. Pərviz həm də Azərbaycan Velosiped Federasiyasının mətbuat katibidir. Ola bilər ki, o işə görə futbola az vaxt ayırsın, bilmirəm, yanıla da bilərəm. Amma oyunlara hazırlaşmağından bilinir ki, işinin peşəkarıdır. Çox sevilir və dəyər verilən şəxsdir. Mən onun şərhlərini sonadək dinləyirəm. Ümumiyyətlə, futbol oyunlarına öz kanallarımızda baxıram. Bu, o demək deyil ki, rus və türk şərhçiləri bəyənmirəm. Tarixən onlardan yararlanmışıq. Ancaq şərhlərə öz dilimizdə baxmaq istəyirəm.

- Hansı həmkarınızla oyunu şərh etməyiniz daha yaxşı alınır?

- Bunu həmişə demişəm ki, Ramiz Mirzəzadə ilə tandemim möhtəşəm alınır. Bir-birimizi gözəl tamamlayırıq. Bəzən çox adam efirdə səslərimizi səhv salır. Hətta ailəmiz və yaxın ətrafımızdakılar da səsimizi səhv salıb. Səsimizi bənzədənlər çox idi, indi bilmirəm necədir. Şərhlərdə bir-birimizi çox ideal başa düşürük. Hakan Şükür – Arif Ərdəm, Alessandro Del Pyero – David Trezege, Nihat Kahveci – Darko Kovaçeçiç kimi yaxşı tandem təşkil edən hücumçular kimiyik. Digər həmkarlarımla da uğurlu alınmasına çalışıram. Qoşa şərhlərə görə də bəzən tənqidlər olur. Mançester derbisi varsa, komandalar şərhçilər arasında bölüşdürülür. Bunu ona görə edirik ki, şərhdə fikirlər toqquşmasın. Məsələn, “Mançester Siti”nin hücumlarında həmkarım danışır, “Mançester Yunayted” topla olanda söz məndə olur. Bəzən eyni anda da danışırıq, fikirlər səsləndiririk. Dəfələrlə demişik ki, bu, balanslaşdırılmış şərhlərdir, hansısa klubun tərəfini tutmaq deyil. Bu baxımdan da tamaşaçılarla bəzən anlaşmırıq və tənqidlər olur.

Image may contain: 2 people, people standing and indoor

- Şərh etdiyiniz oyunlardan indiyə qədər unutmayacağınız hansılardır?

- Unutmadığım oyunlar çoxdur. Millinin və klublarımızın avrokubok matçlarını unutmarıq, gözümüzün önündə hələ də canlanır. Sevincli və kədərli anlarımız olub. Yadımdadır, “Neftçi”nin “Zestafoni” ilə matçında elə qışqırmışdım ki, səsim batmışdı. Efirdə tamaşaçılardan üzr istədim ki, səsim batacaq və buna görə anlayışla qarşılasınlar. Tümendən birbaşa şərh etdiyim Rusiya – Azərbaycan futzal görüşü də yadımdadır. “Tumba” stadionunda şərh etdiyim PAOK – “Qarabağ” görüşü də unudulmaz idi. Bu siyahını çox uzatmaq olar. Millimizin və klublarımızın oyunlarını daha yaxşı xatırlayıram, bizim üçün unudulmazdır. İnşallah, millimizin dünya və Avropa çempionatının final mərhələsindəki oyunlarını şərh etmək bizə nəsib olar. Düzdür, “Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarını şərh etmişik. Digər komandalara da bu uğuru arzu edirəm. Böyük uğurları birlikdə görüb, yaşayaq. Bundan gözəl nə ola bilər? DÇ-2014-ün seçmə mərhələsində keçirilmiş Rusiya – Azərbaycan matçını da unuda bilmirəm. Hakimin yanlış penalti qərarı ilə bu oyunda uduzduq. Düzdür, çətin epizod idi. İndi də mübahisəlidir. Məncə, qayda pozuntusu cərimə meydançasından kənarda baş vermişdi.

- Şərh zamanı çətin vəziyyətləri necə çözmüsünüz?

- Şərhlərdə çətinlik çox olub. Ancaq bu tamaşaçını maraqlandırmır. Şərhçi işini yüksək səviyyədə aparmalı və tamaşaçı onun çətinlikdə olduğunu hiss etməməlidir. “İdman” kanalı Azərbaycan televiziyasının daxilindədir. AzTV-nin və “İdman”ın şərhçi otaqları fərqli yerlərdədir. Həmin otaqlar arasında təxminən 200 metr məsafə var. Yay Olimpiya oyunlarının şərhi zamanı maraqlı hadisələr yaşanırdı. Məsələn, “İdman”da atletika yarışlarının şərhi zamanı rejissor qulağıma deyir ki, burda işini bitirib, AzTV-yə qaç və voleybol matçına hazırlaş. Tamaşaçılarla sağollaşıb, 200 metr məsafəni qaçıb, dərhal başqa idman növünün şərhinə başlayırdıq. O qısa vaxt ərzində həm oyuna hazırlaşırdıq, həm heyətlərə baxırdıq, həm də tarixə diqqət yetirməyə çalışırdıq. Bu baxımdan çətinlik olurdu. Daha əvvəl çətinlik futbol üzrə ölkə çempionatının yayım hüququ “İdman” kanalında olarkən baş verirdi. Şərhin startına 5 dəqiqə qalmış bəzən heyətlər əlimizdə olmurdu. Amma çox nadir hallarda baş verirdi. Efirə giriş edəndə vaxt qazanmağa çalışırdıq. 5-10 dəqiqə əziyyət çəkirdik, boşluğu başqa informasiyalar ilə doldururduq. Hazırda Peşəkar Futbol Liqasının işçiləri o qədər yaxşı çalışır ki, problemlər görünmür və bütün informasiyaları vaxtında alırıq. Texniki problem qaçılmazdır. Bu da normal haldır. Şərhdə qarşımızda kompüter olur və bu da oyun ərzində əlavə informasiyalar tapmağa, heyətdəki oyunçuların statistikasını əldə etməyə kömək edir. İnternet kəsiləndə çətinlik çəkir və gördüyümüz mənzərəyə uyğun şərh edirik. Çox nadir hallarda kağızla şərh otağına giririk. O çatışmazlığı aradan qaldırmaq üçün ilk 10-15 dəqiqədə çətin olur. Bu problemləri görəndən sonra dərs çıxarırıq və daha hazır oluruq. Özümüz qeyd aparır, əlavə məlumatlar toplayırıq.

- Şərhdə hansı maraqlı hadisələr yaşanıb?

- Təbii ki, tamaşaçı şərhdə bizi görmür. Elə anlar yaşanır ki, özümüzü saxlaya bilməyib, gülürük. Ramiz Mirzəzadə ilə “Atletiko”nun “Vanda Metroplitano”da keçirdiyi oyunu şərh edirdik. Mən kiçik giriş verib dedim ki, bu oyunu Ramiz Mirzəzadə ilə şərh eməyə çalışacağıq və sözü həmkarıma ötürürəm. Ramiz ilk sözündə çaşdı və “Vanda Metropolitano” əvəzinə, yüksək səslə “Metro” dedi. Dərhal üzümə baxdı və düyməni basıb gülməyə başladı. Mən də özümü saxlamayıb ona qoşuldum. Efirdə 20-30 saniyə boşluq yarandı, özümüzü saxlaya bilmirdik. Bir tərəfdən də çəkinirdik ki, efirdəki boşluğu görüb, rəhbərlikdən əlaqə saxlayarlar. Güclə özümüzə gəldik, amma beynimizdə həmin an qalmışdı. Hətta oyunun fasiləsində də doyunca gülmüşdük. Ümumiyyətlə, maraqlı hadisələr tez-tez yaşanır.

- Şərhə maraq qatmaq üçün hansı yollara əl atırsınız?

- Oyundan öncə komandalar barədə məlumat toplayarkən çalışıram ki, ən vacib məqamı tutum. Şərhin gedişində maraqlı hadisə baş verirsə, çalışıram ki, məzəli və Asifsayağı (Asif Bağırov – red.) reaksiya verim. Filmlər və tamaşalarımızdan maraqlı sitatlar gətirməyə çalışıram. Aktyor və aktrisalarımızın maraqlı fikirləri var və şərhin gedişində məqamı düşəndə səsləndirirəm. Bununla da maraq qatmağa çalışıram. Ancaq yekunda qiyməti verən tamaşaçıdır. Məsələn, ötən günlərdə Almaniya Bundesliqasında keçirilən “Borussiya”(Dortmund) – “Şalke” matçında meyxanasayağı vida etdim. Baxmayaraq ki, mənim meyxana ilə aram heç yoxdur. Sadəcə “Rur” derbisinin adına uyğun şəkildə bunu dedim. Matçın son 10 dəqiqəsində öz-özümə gülümsəyirdim ki, şərhə necə maraq qata bilərəm? “Rur” sözünü öz-özümə tez-tez deyəndə anidən həmin meyxana yadıma düşdü, heç ona sona qədər qulaq asmamışam. Yekunda matçı belə bitirdim: “Derbinin adı – “Rur”, qurtardı, getdi, qol oldu – vurhavur, qurtardı, getdi”. Vurhavuru da özümdən əlavə etdim, düşünmədim ki, azarkeşlər bunu necə qarşılayacaq, anidən ağlıma gəldi və səsləndirdim.

- Hansı sahəyə görə jurnalistikadan getməyi düşünərsiniz?

- Çətin sualdır. Artıq 15 ilə yaxındır ki, televiziyada çalışıram. İdmana, xüsusilə də futbola olan sevgim fərqli sahələrə getməyimin qarşısını kəsib. Şou-proqramlarda aparıcı olmaq üçün təkliflər var idi. Düşünmədən qəbul etməmişəm. Çünki idmanı çox sevirəm. Uşaqlıq arzum idi ki, şərhçi olum və buna nail olmuşam. Başqa təkliflərdən uzaqlaşa bilərəm. Ancaq niyə özümüzü və başqalarını aldadaq? Yaxşı məvacib qarşılığında iş təklifi olsa, şərhçilikdən uzaqlaşmaram, amma həmin yerdə əsas işçi kimi çalışmaq olar. Federasiya və ya klubda çalışmaq mümkündür. Tamamilə başqa sahə də ola bilər. Ancaq bacaracağımız bir iş olmalıdır. Bundan sonra bizə yad olan işə uyğunlaşmaq çətindir. Bizə yaxın və uyğun olan sahədən yaxşı təklif olsa, qəbul etmək olar. Ancaq bir şərtlə ki, televiziyada qalım. Tamamilə televiziyadan uzaqlaşmaq istəmirəm. Hazırda bu fikirdə deyiləm.

- Sizcə, Azərbaycanda idman mediasının müsbət və mənfi cəhətləri hansılardır?

- Daha bir yaralı yerimizdir. Əfsuslar olsun ki, əsas problem maliyyədir. Televiziya jurnalistləri qəzet və saytlarda çalışan həmkarlarından maddi cəhətdən öndə hesab edilə bilər. Təəssüflər olsun ki, ölkənin idman mediasında aşağı məvacibi olan jurnalistlər var. Onlar da bu çatışmazlığı aradan qaldırmaq üçün federasiya və klublarla işbirliyinə girir, sponsor və digər dayaqlarla ayaqda qalmağa çalışırlar. Fikrimcə, vahid sistem olsa və maddi problem olmasa, idman mediası daha yaxşı inkişaf edər. Əsas maddi məsələlərdir, hamımız bunun üçün işləyirik. Bu sahədə həm də işimizi sevdiyimiz üçün işləyirik. Qəzet və saytlardakı maddi durum düzəlsə, çox yaxşı olardı. Digər problem isə budur ki, futbola daha çox diqqət ayırırıq. Bu televiziyada da belədir. Belə anlaşılır ki, Azərbaycan azarkeş daha çox futbol xəbərlərini eşitmək və oxumaq istəyir. Digər idman növlərinə bir qədər maraq azdır. Məncə, digər idman növlərini daha yaxşı bilən jurnalistlərimiz çox olsa, daha yaxşı olar. Jurnalistika çətin və maraqlı sahədir. Jurnalistika araşdırması çox çətin sahədir. Bu, bizdə daha yaxşı olsa, bir qədər də inkişaf edərik. Çox yaxşı olardı ki, hər bir idman jurnalisti öz bildiyi sahəyə yönələrdi. Məsələn, mən futbol şərhçisiyəm və İtaliya A Seriyasından məlumatım zəngindirsə, o çempionatın oyunlarını daha çox şərh etməliyəm. “İdman” kanalında bu sistem tətbiq edilir. Şərhçilərimiz arasında belə bir bölgü var. Maddi və digər problemlər zamanla həll olunan məsələlərdir.

- Kifayət qədər reytinq toplayan “Oyunun hakimi” verilişi ilə bağlı planlardan danışardınız. Hansı yeniliklər gözlənilir?

- “Oyunun hakimi” verilişi artıq 5-ci mövsümdür yayımlanır. Fərqi yoxdur, hansı kanal olur, olsun, biz yaradıcı insanlarıq. Hər zaman özümə pis gəlir ki, niyə biz ruslardan, türklərdən “copy paste” edək? Bəzən “cut paste” edib, eynisini götürürük. Düzdür, “Oyunun hakimi” verilişi başqa kanallarda fərqli formatda var. Etiraf edim ki, verilişi yaradana kimi Rusiyada buna oxşar proqramın olduğundan xəbərim olmayıb. Verilişimiz açılandan sonra rus həmkarlarımızla müqayisələr aparılırdı və mənə bu barədə dedilər. Həqiqətən də xəbərim olmayıb. Düşünürdüm ki, bizdə nəyə tələbat var, tamaşaçı bizdən nə istəyir? Rejissorumuz Tural Rəcəbovla bu barədə götür-qoy edirdik. Futbol mütəxəssisi Anar Salmanov kənarda qalmışdı. Futbol qaydalarını, hakimliyi tamaşaçıya çatdıran veriliş yox idi. Bunun maraqlı olacağını düşündük. Maarifləndirici veriliş olacağını fikirləşirdik. Çox sağ olun, verdiyiniz qiymət üçün. 5 il az zaman deyil. Efirə çox futbol mütəxəssisi qonaq gəlib, hətta futbol rəhbərlərini də dəvət etmək istəmişik. Reytinq gətirəcək simalardan istifadə etməyə çalışırdıq. Bəzən tamaşaçıların diqqətini çəkmək üçün “İnstagram”da canlı yayım təşkil edirdik. Gənc hakimləri də diqqət mərkəzində saxlayırdıq, onlar da auditoriyada idilər. Bu istiqamətdə istəyirik ki, daha da yeniliklər edək. Çalışırıq ki, yüksək keyfiyyətli işlər görək. Bundesliqa bərpa edilənə kimi bizə epizod toplamaq çətin idi. Buna görə də keçmişdəki matçlara nəzər yetirirdik. Həm də Belarus çempionatının da matçlarına baxırdıq, epizod axtarırdıq. Həmkarlarıma, tamaşaçılara təşəkkür edirəm, çətin dönəmdə onlardan yaddaqalan mübahisəli epizodları istəyirdim. Fanatlar bizə çox kömək edir, həm suallar verir, həm də epizod tapmaqda yardım olurlar. “Instagram”da “Team Store” səhifəsi ilə əməkdaşlıq edirik. Tamaşaçıda maraq yaratmaq üçün viktorina təşkil edirik. Kiçik maraq oyatmaq üçün bu qərarı vermişik. Gələcəkdə yeniliklər etmək istəyirik, fikirlərimiz var. Mənim üçün şərhçilər arasında veriliş təşkil etmək maraqlı olardı. Bunu mütəxəssislər və efirimizdə qonaq olan digər şəxslər də vurğulamışdı. İstəyirik ki, şərhçilər mütəxəssislərə suallar verib, bəzi məqamlara aydınlıq gətirsin. Stadionda hakimlərin hazırlığından xüsusi reportaj hazırlamaq istəyimiz var. Bir daha deyirəm ki, tamaşaçıların zövqünə oxşamaq üçün çalışırıq. Sizə də uğurlar arzu edirəm, çox sağ olun.

Digər Xəbərlər
Xəbər Lenti