Dəyişmək üçün ən azı özünə hesabat verməlisən!

4 Dekabr 2019 00:14 Köşə 1 019
Dəyişmək üçün ən azı özünə hesabat verməlisən!

Klublarımızın transferlərə, oyunçu siyasətinə, deməli, skautluğa, menecerlik-menecmentdən başamaqla, futbolun idman növü kimi sistemini təşkil edən təməl prinsiplərə qeyri-peşəkar yanaşmasını mütəmadi xüsusi vurğulayırıq. Bunu hər dəfə müəyyən notlarla, nümunələrlə əsaslandırmağa çalışır və aqibətinin ağır olacağını deyirik.

Lakin deyilənlərin əsassız olmadığı aydın görünsə belə, hər dəfə ümid yalnız ona olur ki, ayrı-ayrı müsbət nəticələr klubları az-çox düşünməyə vadar edəcək. Əks təqdirdə, ötəri, başqa sözlə, kökü olmayan uğur vakuumda o yan bu yana fırlanan cism kimidir: dayağı, söykənəcəyi, tutacağı olmur və zərbə qəfil gələrək fəsadı ağır olur.

Builki Avroliqada «Qarabağ»ın azarkeşlərini, futbolsevərləri və ümumən, bütün futbolumuzu belə fəsad altına qoymaması üçün komandanın qrupdan çıxması şərt idi. Azərbaycan çempionunun Kipr təmsilçisindən güclü olmadığını, futbolda daha fərqli səviyyələrdə olan komandaların məğlubiyyətlərini nümunə çəkib təsəlli tapmaq da mümkündür.

Amma bu, özünü aldatmaqdan başqa bir şey deyil. Özü də müsbət nəticələr əldə ediləndə yağdırılan təriflərdən də ağır zərbə və təhlükə mənbəyidir. Axı, ani uğurların tərifləri həvəsləndirici, yeni addımlar üçün vaxt qazanmağa hesablanmış şirin yalan, əslində, baş altına yastıq qoyan təhlükə mənbəyidir. Bu gün «Qarabağ»ı düşdüyü vəziyyətə gətirib çıxaran əsas səbəb də budur.

Əlbəttə, özünə bərabər rəqibə məğlub ola, geri qala bilərsən. Lakin bataqlığa girib çırpınmaqla ümidsizləşmək artıq bir yolun sonuna çatmağın işarəsidir.

Deyərdim ki, bugünkü ssenarili «Qarabağ» tükənib. Ümid var idi ki, Sevilyada, nəticə ilə olmasa da, oyunla komanda özünə gəlməyə çalışacaq, həm də yenilik siqnalı verəcək. Bir qayda siqnallar məhz belə oyunlarda verilir. Lakin qarşılaşmada komanda və onun sükançısı tükəndiyini bir daha göstərdi.

Deyəsən, «Qarabağ» ölkə çempionatında rəqibsizlikdən, baş məşqçisi isə bilikləri təzələməyə vaxt tapmamaqdan əziyyət çəkir – yorulub, yorğunlaşıblar. Sükançı yaxşı məşqçi korpusunu qura, rəhbərlik idarəçilik imkanlarını genişləndirə, strateji hədəfləri düzlənlirə bilməməkdən, sistemsizlikdən əziyyət çəkir.

Ən azı, «Qarabağ» vaxtilə sürətlə böyüyən gəncləri yığmaqla yanaşı, bu işin təməlini möhkəmləndirməli idi. İndi buna cəhd də ydur. Açığı, bu sevindiricidir. Çünki «Qarabağ» son illər gənclərin barıtının bitdiyi bir kluba çevrilib.

BATI YAR

Xəbər Lenti