“Neftçi”yə vurulan qəfil kəllə - sürüyənlər və sürünənlər

9 Avqust 2019 14:45 Köşə 1 145
“Neftçi”yə vurulan qəfil kəllə - sürüyənlər və sürünənlər

35 yaşım var, tanıyanlar bilir - kifayət qədər aqressiv adamam. Ancaq həmişə kompromisə getməyə çalışmışam. Ömrümdə bircə dəfə əlbəyaxa olmuşam. Universitetə yeni daxil olmuşdum, rayondan tamam fərqli mühitə düşən gənc, beyni dumanlı bir uşaq təsəvvür edin. Elmlər Akademiyası metrosunun eskolatorları ilə üzüyuxarı hərəkət edəndə qaqaşın biri məni necə itələdisə, sürahidən güclə yapışdım. “Asta ol” deməyimi gözləyirmiş kimi, dərhal ovaxtlar dəbdə olan qayçıvari (ikitərəfli açılan) bıçağı çıxarıb gözlərimin milli metrliyində fırlatmağa başladı. Dedim, çıxaq, çöldə danışaq. Boy-buxun, bədəncə məndən böyük, hündür olduğu üçün əlbəyaxada məni sürüyəcəyini əvvəldən təsəvvür edib özümü sığortaladım, metrodan çıxan kimi elə parkın girəcəyindəcə qaqama ardıcıl bir kəllə və yumruq, vəssalam, məsələ həll olundu. Gözünü qorxutdum, ətrafdakılar da sağ olsunlar, aralaşdırdılar bizi. Özünə gəlməyə çalışan qardaşla da “sülh bağladıq”.

Qərəz, sözümün canı nədi, dünənki “Neftçi” - “Bney Yehuda” (2:2) oyunu mənə 16 il əvvəli xatırlatdı. Sanki uduzmaq ehtimalının daha yüksək olduğunu əvvəldən hiss edən İsrail klubu elə siftədəcə “ağ-qaralar”ı 2 “kəllə”yə qonaq elədi. “Ayılmaq” vaxt alan şeydi axı. Bordinin komandası özünə gəlincə də, zaman aman vermədi və budur, məcburi “sülh bağlandı”!

Əlbəttə, mifik və satirik bənzətməni bir kənara qoysaq, “Neftçi” dünən heç də yaxşı oynamadı. Hətta çox zəif idi. Xüsusən ilk hissədə “Yehudanın şahidləri” “ağ-qara” futbolçuları sözün məcazi mənasında sürüyürdülər meydanda. Ard-arda sürətli əks hücumlar, pressinq, bütün komanda ilə qurulan müdafiə və ağıllı davranış sayəsində ilk 40 dəqiqədə, demək olar, ev sahibini tamaşaçı mövqeyinə keçirmişdilər. Qardaş, bir anlıq elə bildim, “Tottenhem”lə, Madrid “Atletiko”su ilə oynayırıq.

Yox, yox, “Bney Yehuda” heç “Real Sosyedad” səviyyəli komanda da deyil. Sadəcə, “Neftçi”ni düzgün analiz etmişdilər. Ağıllı nizamlanma, düzgün həmlə! Vəssalam! Evə çox sərfəli nəticə ilə qayıdırlar. Bəs ilk iki mərhələdə məğlub olmayan, hətta qol buraxmayan vitse-çempionların belə bərbad duruma düşməsinin səbəbi nə idi? Eyforiya? Yoox, buna qədər qeyri-adi nə etmişdilər ki, dərin eyforik hisslərə də qapılsınlar...Roberto Bordin seçimi düz etməmişdi. Bəli, italyan çalışdırıcı rəqibin bütün komanda ilə müdafiə olunub oyunu əks-hücum üzərində quracağını bildiyi halda yalnış start heyəti, yalnış taktika seçmişdi.

Vangelis Platelas “Neftçi”nin ilk qoluna qədər meydanda yox kimiydi. Niyə? Onun ilk “11-lik”də meydana çıxması uzaqdan qapıya zərbələr vurması, cərimə meydanına təhlükəli asmalar etməsi üçün planlaşdırılmamışdı? Belə deyildisə, yunan start heyətdə nə gəzirdi? Yaxud 90 dəqiqə ərzində klounluqdan başqa heç nə ilə yadda qalmayan Dario Frederiko qala-qala, hücumun mərkəzində fəallıq göstərən Rauf Əliyevin əvəzlənməsi nə demək idi? Bəlkə Bordin Mamadu Mbocu konkret hücumçu etmək qərarına gəlib? Rəhman Hacıyev yorulmuş və dünənki oyunda komandaya ciddi kömək edə bilməyən Emin Mahmudovun yerinə girib daha faydalı ola bilməzdi? Namiq Ələsgərovu daha erkən meydana buraxmaq olmazdı? Axı sən öz evində, ilk matçda 1:2 hesabı ilə uduzursan.

Suallar kifayət qədərdi, Bordinin də şəxsi səbəbləri, cavabları və özünə haqq qazandıracaq düşüncələri var. Amma və ancaq “Bney Yehuda” Bakıda məğlub olunası komanda idi. 2:2 yalnız və yalnız fasilədən sonrakı əzmkarlığın və ədalətin nəticəsi idi. Niyə ədalətin? Çünki israillilər ikinci hissədə həqiqətən futbol oynamadılar, həyasızcasına hər məqamdan istifadə edərək yalnız və yalnız vaxt “öldürməyə” çalışırdılar. Fransalı referi Kərim Abidin əsas vaxta 5 dəqiqə artırmasına rəğmən, 90+7-ci dəqiqədə vurulan bərabərlik qolu ədalətin təntənəsi idi!

Hər halda bu, mərhələ adlamaq istəyən “Neftçi” rəhbərliyi, məşqçilər korpusu üçün “soyuq duş”, əyani “dərslik” olmalıdı. Hələ gec deyilkən cavab qarşılaşması üçün oyun və oyundankənar hər nə ola biləcəksə, düşünmək lazımdı. Bu yəhudilərdən ağla gəlməyən nə desən, çıxar. Oyunu ciddi-ciddi analiz etmək, cavab üçün tamamilə düzgün taktika seçmək, bu gün üçün tam hazır olan futbolçulara güvənmək lazımdı. Messi Messidi ki, o da hər zaman fərdi oyunda effektiv olmur. Qalmışdı ki, Dario ola. Və ən əsası “Neftçi” səfərdə konkret aqressiv futbol nümayiş etdirməlidi ki, “Bney Yehuda” müdafiədən çıxsın. Yoxsa onlar bütün İsrail xalqı ilə birlikdə “arxada” oturacaqlar. “Neftçi” ilk 45 dəqiqədəki “sürünməyin” və qəfil atılmış o 2 “kəllə”nin əvəzini çıxmalıdı, nə olur-olsun...

P.S. Bu azarkeşin haqqı verilməlidi. "Neftçi"nin mənəvi və maddi borcudu bu. Belə möhtəşəm azarkeşi üzməyə heç kimin ixtiyarı yoxdu!

Elvin ƏHƏD

Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu