AFFA-nın növbəti RƏZALƏTİ, ACGÖZLÜYÜ

1 Dekabr 2021 19:40 Köşə 2 076
AFFA-nın növbəti RƏZALƏTİ, ACGÖZLÜYÜ

Dünən – soyuq noyabr axşamında AFFA-nın isti divarları arasında bayram idi.

Azərbaycanın qadınlardan ibarət milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqronu Ayşən Əhmədovanın 24-cü dəqiqədə vurduğu qol hesabına məğlub etmişdi.

Qızlar 6-cı oyunu keçirdikləri qrupda 2-ci qola və ilk xallara sevinmişdi. Sevincləri, keçirdikləri hislər, hətta dünya çempionatının qalibi olmuşlarmış kimi xoşbəxt görünmələri anlaşılandı. Heç vaxt olmayan şey baş vermişdi.

Əvəzində, məlum qələbədən sonra AFFA-nın etdiyi görməmişliyi anlamaq çətin idi. Qurumun rəsmi saytında qızların fotosunu görüb, qələbə məlumatını oxumaq assosiasiya adına rəzalətdən başqa bir şey deyildi.

Deməli, AFFA-nın sosial media hesablarına cavabdehlik daşıyan çox hörmətli rəsmiləri başda Canni de Byazini çalışdırdığı əsas milli olmaqla digər yığmaları da silib atıb kənara.

Necə?

Əsas milli üçün əlavə səhifə açılıb, o biri yığmaların nəticələri isə AFFA-nın sosial şəbəkə hesablarında əsk olunmur. Bəzən qurumun saytında yekun nəticələrlə bağlı nəsə görmək olar.

Amma qızların dünənki qələbəsi adamları o qədər sevindirib ki, etdiklərinin fərqinə varmayıblar.

Aralarından biri ağıllı çıxıb tapşırıq verənə deməyib ki, qızların ardıcıl məğlubiyyət xəbərlərini “feysbuk” səhifəmizdə paylaşmırıq, qələbəni ora “yapışdırmağımız” ayıbdır, görməmişlikdir, acgözlükdür. Bəs, el-aləm gülər bizə.

Heç kim deməyib. Çünki orda oturan hər kəs ölkə futbolundakı məlum siyasətçinin uğurlu davamçısı olmaq arzusu ilə yaşayır. Tapşırıq onundursa, vəssəlam, qabağına söz qoymaq olmaz.

Cənablar, indi deyin görüm, məğlubiyyət xəbərlərini AFFA-nın 5-10 nəfərin oxuduğu saytına yerləşdirib, geniş izləyici kütləli sosial şəbəkə hesablarınızda gizlətdiyiniz halda, qələbə xəbərlərini niyə bəh-bəhlə təqdim edirsiz?

Ölkənin bir nömrəli komandasının yenilgilərindən boğaza yığıldığınız üçün məcburiyyətdən ayrıca səhifə açdığınız halda, qızların 3 xal xəbəri niyə bütün səhifələrdə təqdim olunur?

Kimsə cavab verə bilər? Məntiqli izahınız var?

Çətin!

Budur sizin futbola, işə, insanlara yanaşmanız. Qələbə qazanan milli sizindir, uduzan yığma başqasının. Düşüncənizlə millilərin oynadığı futbol arasında zərrə qədər fərq yoxdur.

HƏBİB

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular