Ramin Musayevin menecerlərə qarşı ittihamı – HAQLIDIRMI?

6 İyul 2021 15:00 Köşə 1 397
Ramin Musayevin menecerlərə qarşı ittihamı – HAQLIDIRMI?

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Apasport.az” saytına müsahibəsində menecerlərin Azərbaycan futboluna vurduqları ziyandan danışıb.

Daha doğrusu, Musayev menecerlərin şəbəkə qurduğunu etiraf edib. Lap daha doğrusu, şəbəkənin üzvü olduqlarını.

Yəni menecerlər AFFA və klublarda oturan istedadlı dələduzlarla əlbir olaraq çox mükəmməl bir şəbəkə yaradıblar.

Onların qurduqları “karusel əməliyyatı” nəticəsində bir futbolçu Azərbaycanın bütün klublarında oynamaq şansı əldə edir.

Ölkədə 2, ya da 3 meneceri çıxmaq şərtilə qalanları bu şəbəkənin üzvüdürlər. Bu şəbəkənin dediklərini qəbul etməyən futbolçuların Azərbaycan çempionatında oynamaq şansı yoxdur.

Adətən, futbolçuları 17-19 yaş aralığında seçirlər və onlar 40 yaşa qədər “karusel əməliyyatı”nın fəal üzvü olurlar. Hər hansı futbolçu şəbəkəyə daxil olmasa, bu, ona karyerası bahasına başa gəlir. Yəni elə 17-19 yaşda futbolu bitirir.

Ramin Musayev menecerlərə qarşı bu ittihamı irəli sürməkdə tam haqlıdır. Amma Musayev bu şəbəkəyə kimin başçılıq etdiyini deməyib ki, bunu da anlayışla qəbul edirəm.

Onu da deyim ki, Ramin müəllim özü də əvvəllər belə şəbəkəyə sahib olub. Amma şəbəkənin indiki sahibi onu bu “bazar”dan sıxışdırıb çıxarıb.

Bu amili nəzərə alsaq, Azərbaycanın “menecer bazarı”nda nələrin baş verdiyini Ramin müəllim əla bilir.

Amma Musayev menecerlərə bir məsələdə böhtan atır. Deyir ki, onlar yerli futbolçuları xaricə çıxartmırlar, yəni ancaq daxili bazarda “fırladırlar”.

Bu məsələdə onunla razılaşmayacağam. Xaricə getmək üçün yaxşı futbolçuya menecer lazım deyil. Azərbaycan komandaları hər il avrokuboklarda iştirak edirlər.

Götürək elə “Qarabağ”ı. 7 il sərasər avrokubokların qrup mərhələsində oynayıb bu komanda. Avrokubokların qrup mərhələsi isə olduqca nəhəng bazardır.

Bu müddətdə bu bazarda “Qarabağ”ın bircə yerli futbolçusuna müştəri tapılmayıbsa, deməli, Ramin müəllim düz danışmır.

Lap konkretləşdirsəm, deməliyik ki, Azərbaycanda xaricdə oynayacaq futbolçu yetişdirilmir. Niyə yetişdirilmir, bunun qarşısını kim alır? Bu sualların da cavabını Ramin Musayevdən yaxşı bilən yoxdur. Belə-belə işlər...

Natiq Muxtarlı

Xəbər Lenti