Ordumuzu sevmək, azarkeşlik etmək - lap “Qalatasaray” kimi...

19 Dekabr 2020 19:40 Köşə 1 056
Ordumuzu sevmək, azarkeşlik etmək - lap “Qalatasaray” kimi...

Müharibə bitsə də, hələ də şəhidlər dəfn edirik.

Təkcə bu gün Cəlilabadda, Tovuzda və Salyanda şəhidlərimiz torpağa tapşırılıb.

Yenə üçrəngli bayrağımıza bükülmüş şəhid tabutları, yenə qürur göz yaşları...

Şəhidlərlə bağlı hazırlanmış reportajlara həyəcansız baxmaq mümkün deyil-hər biri bir roman, film süjeti kimi. Həm də adamın ürəyi parçalanır, bu həm də ağır itki, dərddir axı...

Komada olan qazilərimiz var. Onlar hələ də “əsgər”dirlər,hələ də onlar yaralandıqları yerdə düşmənlə “döyüşürlər”, gözüyumulu “irəli gedirlər”.

Bəli, onlar üçün “müharibə hələ davam edir”. Allahdan dua edirik ki, o oğulları Azərbaycana, başlarının üzərində narahat baxışları ilə gözləyən doğmalarına tez qaytarsın. Müharibə onlar üçün də bitsin...

Qarabağda sakitliyin bərpa edilməsi barədə danışmaq çox tezdir. Hər gün yayılan xəbərlər də bunu təsdiqləyir. Xankəndi və ətraf rayonlarda erməni silahlıları hələ tam tərksilah edilməyib. Qarabağa qayıtmış ermənilərin nə istədiyi isə məlum deyil, hələ ki, başlarını soxmağa ev-eşik axtarırlar, sonrakı talelərini necə görürlər, bizim torpaqlarda və əhatəmizdə necə yaşayacaqlar, bu da bir müəmma...

Ağır zərbə almış erməni faşizminin Qarabağda yenidən “xortlaması” mümkün deyil, amma Ermənistanla sərhəddə də mübahisəli məsələlər qalır. Demək, Azərbaycan Ordusu bundan sonra da mövqelərimizdə daha ayıq-sayıq dayanmalı, hətta daha bir neçə il bu cür əli tətikdə olmalıdır. Biz isə Ordumuza həmişəkindən daha artıq dəstək olmalıyıq. Onların gözdən qoymamalı, unutmamalıyıq.

44 günlük müharibə çox streotipləri dağıtdı- o cümlədən, Azərbaycan xalqının Orduya olan münasibətini də büsbütün dəyişdi. “Oğlumu cəbhə bölgəsinə salmasınlar” deyənlər belə, övladını aktiv əməliyyalar zonasına göndərmək üçün az qala dua etdilər.

Ordumuz uzun illər üzərindəki “Lazım gələrsə...” kimi lüzumsuz şüarı 27 sentyabrda ayağının altına aldı, “Qarabağ Azərbaycandır!” deyib döyüşə atıldı. Tarix göstərdi ki, bu xalqın oğulları lazım gələndə torpağının bir qarışı üçün canını da qurban verir, lazım gələndə tankın qarşısında sinəsini də sipər edir, lazım gələndə düşməni əlbəyaxa döyüşdə dəmir barmaqları ilə boğub cəhənnəmə də göndərir.

Biz bu müharibədə təkcə ərazilərimizə qovuşmadıq, həm də məğlubedilməz Orduya sahib olduq. Ordumuzun indiki qələbəsində Birinci Qarabağ müharibəsində şəhid və qazi olmuş vətən ovladlarının da danılmaz payı var. Bəziləri həmin şəhidlərin övladları, qohumları idi. Onlar da ya şəhid oldular, ya da qazi. Müharibəni tarixi mərhələ baxımından “birinci”yə, “ikinci”yə ayırmaq mümkündür, amma o vətən oğulları ki, Qarabağ uğrunda şəhid və qazi olub, onları “birinci və ikinci”yə ayırmaq olmaz.

Birinci Qarabağ müharibəsində məğlub olduq, amma o oğlanlar ki, ayağını, gözünü, sağlamlığını torpaqlarımız uğurunda verib qazi və ya şəhid olublar, onlar heç vaxt məğlub ordunun əsgərləri deyillər. Birinci Qarabağ müharibəsində şəhid olan igidin anasını itələyib kabinetindən çıxaran alçaq qəlbli məmuru da, qaziyə “haranı azad etmisiniz ki...” deyib çəmkirəni də, ayağı olmayan qaziyə Bakıda çəkməkçi işi təklif edən zehniyyəti də görmüşük. Hamısı keçmişdə qaldı. Bizim Ordu qalib Ordudur, qəhrəman Ordudur, onlarla fəxr etmək azdır, o Orduya Füzuli, Şuşa əməliyyatlarından sonra qibtə etmək azdır...Sevmək lazım...Bayraq kimi, qardaş kimi sevmək!

Biz Azərbaycan Ordusunu daima izləməliyik, lap futbol fanatiki kimi azarkeşlik etməliyik. Necə ki, “bu bir “Qalatasaray” sevdasıdır” deyən şəhid qardaşımız vardı- klubunu sevdiyi kimi, vətəninin də, Ordumuzu da sevirdi- bax o cür...

Şəhidimizin

Bu bir tarixi şans idi ki, Ali Baş Komandan İlham Əliyev yerdə, Allah göydə və onun qəhrəman bəndələri döyüş meydanında Ordumuzu qalib etdi. Qəribədir, bir çox ölkənin məsələn, ABŞ-ın basılmaz ordusu var, amma deyəsən, heç vaxt vətənləri üçün vuruşmaq kimi şərəfli şansları olmayıb.

Ordu yalnız dövlətin vuran əli, dövlətin var olmaq atributu deyil. Ordu həm də canlı orqanizmdir, ona qan vermək, zamanı gələndə qan almaq lazımdır.

Dövlət baba Ordu, şəhidlər və qazilər üçün üzərinə düşən bütün işləri görür və görəcək. Biz də öz işimizi görməliyik: Ordumuzu bütün ordulardan öndə, bütün ordulardan güclü, bütün ordulardan qəhrəman kimi görməli, sevməliyik. Bu bir ata sevgisi kimidir. Vətən anadırsa, ordumuz da atadır...

Nazim SABİROĞLU

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!