Rəhmətlik Rossi

16 Dekabr 2020 11:20 Köşə 1 137
Rəhmətlik Rossi

Dünya başımızı min cür pis işlərə qatıb, bu arada uşaqlıq qəhrəmanlarımızdan birini itirdik. Paolo Rossi.

1982-ci ildə azarkeşlik elədiyimiz İtaliya futbol yığmasını az qala təkbaşına dünya çempionu edən adam. 60 neçəsə yaşı varmış.

Koronavirusdanmı ölüb? Dəqiq bilmirəm. “Quql” da xarab olub, axtarmaq mümkün deyil. Dünyanın gör hansı vaxtına gəldik, “quql” başını itirir. Görəsən “quql niyə xarab olub” yazıb “gugl”da axtarışa versək nə çıxar? Canları cəhənnəmə. Bunlar dünyanın nəhəng, inhisarçı şirkətləridir. Onların dərdi bizə qalmayıb.

Biz qayıdaq sevimli Paolo müəllimin yanına. 1982-ci ildə mənim 9 yaşım vardı, necə deyərlər, ilk dünya çempionatıma baxırdım. O üzdən Paolo Rossi-nin sürətli driblinqləri, bütün oyunu üzərinə götürməsi, qolları yaxşı yadımda qalıb. İndi heç 10 ilə yaxındır futbola baxmıram. Mənə elə gəlir ki, burada hər şey bazar iqtisadiyyatına çevrilib. Romantika itib. Koroğlu demişkən: “Tüfəng çıxdı, kişilik də getdi”. Futbolda da hamı pul qoyur. Oyunçular və məşqçilər öz oyunlarında uduzmağa pul qoyurlar. Ancaq bizim uşaqlığın o macəra dövründə Paolo Rossi türmədən çıxıb dünya çempionu olmuşdu. Bəs türməyə niyə düşmüşdü? Gəlin onu yada salmayaq.

Hələ az öncə başqa kumirimizi - bütün üçüncü dünya ölkələrinin qəhrəmanı Maradonanı itirdik. Bu nə qatmaqarışıq ildir... Bir üzümüz gülür, bir üzümüz ağlayır. Diyeqo Armando Maradona. Biz bu adama kasıb dünyanın varlı dünyadan aldığı intiqamın simvolu kimi baxırdıq. Vurduğu o cəncəlli qolu nahaq yerə “Allahın əliylə vurdum” adlandırmamışdı ki. Argentinanın Folklend adalarında itirdiyi əsgərlərin qisasını dünya imperialistlərindən belə almışdı sanki. O da başqa bir yalnız qəhrəman idi. O da argentinalıların “Rossisi” idi. Hər dövrün belə qəhrəmanları var. Gəlirlər, məsələni həll edib gedirlər. Kütlə isə simasızdır. Kütlənin ağlına yalnız Rossi dəfn edilərkən onun evini yağmalamaq gəlir. “Kainat bir cəbhədir” - Xəlil Rza demişkən. Bu cəbhənin “maradyorları” - ölüsoyanları da həmişə var, olub, olacaq. Dünən baş prokurorluq bizim milli “ölütəhqiredənlər”dən 4 nəfərini tutduğunu açıqlamışdı. Yaxşı edib tutublar. Bizə, qələbəmizə yaraşan hərəkətlər deyil meyitləri təhqir eləmək. Düşmənə oxşayacaqsansa, daha nəyin mübarizəsini aparırdın? Onu öldür, yerinə keç. Bizə bu, qəti lazım deyil.

Rossinin xatirəsi bizi gör haralara gətirdi çıxardı. Nə etmək olar - “bizim də bəxtimizə bu vətən düşüb”. Hələ ətrafda nə gicbəsərlər dolaşır, sözlə təsvir ediləsi deyil. Biri şeirdən dəli olur, başqası acığını pomidordan çıxır. (Rossi yazdım, ağlıma Rossiya gəldi?). Bütün Rusiyada, Kalininqraddan Kamçatkaya qədər sorğu keçirtsən, bütün rus və qeyri-rus milləti hansı pomidor yaxşıdır sualına “Azərbaycan pomidoru” cavabını verəcək. Bu ölkənin pomidora olan ehtiyacının böyük hissəsi Azərbaycan hesabına ödənilir. Təbii, qara qaşımıza aşiq olmayıblar, qırmızı pomidorumuzun dadını, təkrarsız gözəlliyini sevirlər. Bunu çoxları təsdiqləyir ki, dünyada Azərbaycan pomidoru qədər dadlı pomidor yoxdur. Ancaq indi Rusiya idarəsi bu pomidoru bəyənməyib, blok qoyub. Guya hansısa xəstəliyi varmış. Hələ siz maraqlanın görün Qarabağdakı “pisməramlılarınız” hansı pomidordan salat qayırırlar. Bu yerdə yadıma bir Şəki anekdotu düşdü. Şəkili gəlir Moskvaya, restoranda oturur, menyunu oxuyur, görür heç bir yemək adı tanış gəlmir. Yeganə “salat” sözü nəsə xatırladır, deyir mənə salat verin. Ofisiant gətirir onun masasına pomidor qoyur. Şəkili pomidora baxıb deyir: “Ə, bamadur, Şəkidən Moskvaya gəlib salat olmusan?”

Sonda Paolo Rossiyə Allahdan rəhmət diləyirəm, arzu edirəm o dünyada komanda yığılsa Maradona ilə bir heyətə düşsün.

Zamin HACI

Xəbər Lenti