“O qədər iyrənmişdim ki… Məni yıxmağa gücünüz çatmaz!”

11 Yanvar 2022 12:40 Karate 926
“O qədər iyrənmişdim ki… Məni yıxmağa gücünüz çatmaz!”

“Böyüklər arasında karate üzrə XXIX Azərbaycan çempionatı keçirildi.

Bilənlər bilir ki, idmandan uzaqlaşmışdım. Sonuncu yarışım keçən ilin may ayında olmuşdu və karyeramı sonlandırdığımı söyləmişdim”.

Sportinfo.az xəbər verir ki, bunu karateçi Avropa Oyunlarının qalibi, komanda şəklində qitə çempionu Ayxan Mamayev deyib.

Ötən ilin avqustunda karyerasını bitirən idmançı fikrindən daşınıb. 30 yaşlı idmançı dünən karyerasını bərpa edib və 84 kq çəki dərəcəsində növbəti dəfə Azərbaycan çempionu olub.

O, qayıdışı ilə bağlı fikirlərini bildirərkən bəzi şəxsləri tənqid etməyi də unutmayıb:

“Artıq 8 ay idi ki, karatedən uzaqlaşmışdım. Yığmadan bir tək Asiman qardaşım (Asiman Qurbanlını nəzərdə tutur) sona qədər dedi ki, qayıt və mənə çox dəstək oldu.

Halbuki bəziləri düşünürdü ki, idman olmasa, batacağam. Allah yol açandan, ruzini verəndən sonra bəndə kimdir ki?!

Bu həyatda kim nə edirsə, özünə edir. Bu idmanı hər zaman sevmişəm və sözümü də hər zaman demişəm. Amma o qədər iyrənmişdim ki, uzaqlaşmağa qərar verdim, uzaqlaşdım.

Hazırlıqsız yarışa çıxdım və pis-yaxşı qızıl medalı qazandım. Son 3 gün içində qərar verdim. 98 kq-dan 86 kq-a çəkimi saldım və məşqsiz, hazırlıqsız döyüşüb birinci oldum.

Bunun özü çoxuna cavabdır. Artıq mənim 13-cü Azərbaycan çempionluğumdur. Çox xoşbəxtəm ki, kürsüyə qızımla çıxdım.

Sözüm bəzilərinədir, məni yıxmağa gücünüz, yıxıldığımı görməyə ömrünüz çatmaz! Mənə dəstək olan, qayıtmağımı istəyən və qələbəmə sevinən hər kəsə “çox sağ ol” deyirəm.

Xalqın gözü tərəzidir. Sonda demək istəyirəm ki, çaqqalların azadlığı aslan ayağa qalxana qədərdir!”

Ayxan Mamayev finalda millimizin digər üzvü Turqut Həsənova qalib gələrək Azərbaycan çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti