“İndi mən bir qədər də üstünə getsəm, bura qayıtmayacaq - Uşaq deyil ki...”

3 Sentyabr 2021 23:20 Karate 1 094
“İndi mən bir qədər də üstünə getsəm, bura qayıtmayacaq - Uşaq deyil ki...”

“Ayxan altı yaşından mənim yanımda məşq edib. Ona görə də onun xasiyyətini öz balam kimi yaxşı bilirəm.

O, hər şeydən tez inciyən, tez ruhdan düşən uşaqdır. Adam var ki, üstünə qışqıranda daha əzmlə çalışır.

Amma Ayxana bunu etmək olmaz, onu ancaq tərifləməlisən. Hələ 18-19 yaşında karateni atmaq istəyirdi. Mən onu qoymadım.

Gənclər üzrə Malayziyada dünya çempionu oldu, daha sonra Bakıda Avropa çempionluğunu qazanıb həvəsləndi və karatedə qaldı”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a karate millimizin böyük məşqçisi Şahin Xudaverdiyev deyib.

O, şəxsi tələbəsi olan Ayxan Mamayevin 29 yaşında karyerasını bitirməsinin səbəbini açıqlayıb:

“Ayxan tələbəm də olsa, bunu deməliyəm. Söz danışıqdan keçər. Danışılmışdı ki, mayda Xorvatiyada keçirilən Avropa çempionatına 84 kq çəki dərəcəsində əlavə qiymətləndirmə döyüşündə qalib gələn aparılacaq. O da Pənah Abdullayevə uduzdu. Əgər sən buna razılaşmısansa, deməli, sən bunun nəticəsinə də qatlanmalısan. Özünə də demişəm ki, buna razılaşandan sonra etiraz bildirməyin düzgün deyil.

Ayxan Rafael Ağayevdən sonra Şahin Atamov, Niyazi Əliyevlə birgə ən çox nəticə verən karateçimizdir. Amma son illər nəticə verə bilmir. İdmançı həyatı da elədir ki, çempion olanda hamının gözünün işığıdır, uduzdu, yaddan çıxır. Vaxtı ilə Ayxan da İsrafil, Amal adlı idmançıların yerinə gəlib. İndi də kim güclüdürsə, onun yerinə yarışa aparılır.

Onun karyerasını davam etdirməsi üçün azı 3-4 ili var. Qarşıda dünya çempionatı, ardınca Avropa çempionatı, İslam Həmrəyliyi Oyunları, Avropa Oyunları var. Demişəm ki, hələ idmanı atmağa tələsməsin. Bir Avropa çempionatı və ya Olimpiada ilə həyat qurtarmır ki. Asiman Qurbanlı o qədər əziyyət çəkdi, heç Olimpiadaya lisenziya qazana bilmədi. Halbuki hamı lisenziyanı da, qızıl medalı da ondan gözləyirdi.

Hazırda ona bir az boşluq vermişəm. Getsin, istirahət etsin. Onsuz da noyabrda Dubayda keçiriləcək dünya çempionatına da aparılmayacaq. İstirahət üçün kifayət qədər vaxtı var. Bir az da insan etdiyi hərəkətdən peşman olmalıdır. İndi mən bir qədər də üstünə getsəm, ümumiyyətlə karateyə qayıtmayacaq. 29 yaşı var, uşaq deyil ki, qərarı özü verib”.

Ş.Xudaverdiyev Ayxanın Çevik Polis Alayından ayrılmasından da danışıb:

“Polis işi əslində onun xarakterinə uyğun deyildi. İdmançı öyrənib ki, ancaq məşqə getsin. Dövlət işində rejimə öyrəşmək çətin məsələdir. İnanmırdım ki, orada çox qalsın. Üstəlik, ona orada rütbə verilmədi deyə küsdü. Bu qədər nailiyyətlərin fonunda serjant rütbəsindən yuxarı qalxa bilmədi. Ondan aşağı nailiyyəti olan polkovnik-leytenant olacaq, bu, hələ serjantda qalacaq?! Düşünürəm ki, bu da ona ləzzət etmədi”.

O, tələbəsinin peşəkar karate yarışları olan Döyüş Karatesində (Combat Karate) çıxış edəcəyini bildirib:

“Rafael, Şahin, Asiman və Ayxan o vaxt bu təşkilatdan döyüş təklifi almışdı. O vaxt Olimpiada öncəsi zədə ala bilərlər deyə, qabaqlarını kəsdik. Düşünürəm ki, orada bir döyüş keçirdikdən sonra Ayxanın qərarı dəqiq bilinəcək. Hələ döyüşünün vaxtı bilinmir”.

Digər Xəbərlər
Xəbər Lenti