Xəbər verdiyimiz kimi, Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
“Kəpəz”in futbolçusu əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Yeni ildə “Turan Tovuz”dan bura gələn yarımmüdafiəçi ilə bağlı DİN-in regional qrupundan bildirilib ki, faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Əməli törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, bu gün saat 05:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi) xəstəxananın nəzdində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin olunub.
Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
Saytımızın əldə etdiyi məlumata görə, hadisə şəxsi mübahisə zəmnində baş verib. Rzayevə bir bıçaq zərbəsi endirilib.
Zərbə onun bədəninin sol nahiyəsini tutub. Reanimasiyada olan 23 yaşlı oyunçunun həyatı təhlükəsi yoxdur.
SPORTİNFO.AZ

