Azərbaycan futbolunda bu şərait niyə yoxdur? - FOTOLAR

21:40 Hadisə 212
Azərbaycan futbolunda bu şərait niyə yoxdur? - FOTOLAR

Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə ənənəvi intellektual yarış keçirildi.

Futbol qurumu həmişəki kimi media nümayəndələrinin istirahət gününün xoş keçməsi üçün əlindən gələni etmişdi. Bu, öz yerində.

Diqqətimi çəkən məqam başqaydı.

PFL yarış məkanı kimi bu dəfə Şamaxı şəhərini, dəqiq desəm, Dövlət Vergi Xidmətinin Şamaxı tədris mərkəzini seçmişdi. Adından göründüyü kimi, tədris mərkəzi olduğundan otel effekti gözləmirdim, açığı. “Görəsən, hara gedirik? Hansı xidmət, keyfiyyət gözləyir bizi?” sualları ilə yola çıxmışdıq.

Xoş sürprizlə qarşılaşdıq. Tədris mərkəzi hara, 5 ulduzlu otellərdəki şərait hara?

Otaqlara verilən istilik bayırdakı qarlı-şaxtalı havadan əsər-əlamət qoymamışdı. Bəzi Olimpiya Komplekslərindəki təmizlik çatışmazlığını görəcəyimizi düşünsək də, hər şey yüksək səviyyədə təmiz, otaqlar isə rahat idi.

Hər mərtəbədə quraşdırılan masaüstü tennis, bilyard masaları jurnalistləri otaqların yolunu tutmasına imkan vermirdi. İş-gücdən dincəlməyə gəlmişik, yatmağa yox ki.

İntellektual yarışın keçirildiyi zal Bakıdakı əksər otellərdəki şəraitlə müqayisə olunacaq qədər geniş və işıqlı idi.

Soruşdum, maraqlandım və məlum oldu ki, tək vergilər nazirliyinin deyil, bir çox qurumların düşərgələri, rəsmi tədbirləri, toplantıları burada keçirilir. Çünki treyninqlər, təlimlər, toplanışlar üçün hər bir şərait var.

Mərkəzin 2008-ci il tikilməyə başladığı və 2011-də təhvil verildiyini eşidəndə şoka düşdüm. Sanki dünən inşa olunubmuş kimi təmiz, rahat və komfortlu.

Bilirsiz nə düşündüm? Dedim, Azərbaycan futbolunun pula pul deyilməyən vaxtlarında oliqarx klub rəhbərləri maliyyəni legioner məşqçi və futbolçulara ayırmasaydı, hərəsi azı bir belə bina tikdirib, futbolumuza qazandıra bilərdi.

Mərkəzdəki işçi sayı əsasən yerli insanlardan ibarət olsa da, sayları çox deyildi. Vaxtında düzgün qurulan iş prinsipi ilə bina qorunur, az qala əlin içində saxlanılır.

Burada bütün idman növü üzrə komandalar rahatlıqla təlim-məşq toplanışı keçə bilər. Sizi inandırım, Azərbaycanda futbola aid çox demirəm, 5-6 belə təlim-tədris mərkəzi fəaliyyət göstərsə, hər şey daha fərqli olar.

Futbol mütəxəsilərimiz dəfələrlə futbola aid kadr çatışmazlığının olduğunu, futbol təhsilinə ehtiyac duyulduğunu vurğulayıb.

Bu gün ölkə futbolunda PEŞƏKAR menecer, fizoterapevt, həkim, fiziki məşqçi, hakim, dietoloq, meydançaya baxan şəxs, idman direktoru, masajçı, inzibatçı, hətta avtobusun sürücüsü vəzifələrində ciddi boşluqlar müşahidə olunur. Sayları barmaqla sayılacaq qədər azdır.

Peşəkar kardrların hazırlanması üçün Dövlət Vergi Xidmətinin Şamaxı tədris mərkəzi kimi futbola aid tədris mərkəzlərimiz olmalıdır.

AFFA təcili bu işə başlamalı, peşəkar kadrların hazırlanması yolunda əməli addımlar atmalıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti