
Ukraynalı futbol azarkeşləri ölkə millisinin baş məşqçisi Sergey Rebrovun istefasını tələb etməyə başlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.
Qeyd edilib ki, Sergey Rebrov 2026-cı il dünya çempionatının seçmə mərhələsində uğursuz startdan sonra tənqidlərin və istefa çağırışlarının artması səbəbindən İnstagram səhifəsində şərh bölməsini məhdudlaşdırmalı olub.
Seçmə mərhələnin ikinci turunda Ukrayna gözlənilmədən xal itkisi ilə üzləşib. Azərbaycan millisii ilə Bakıda keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.
Bu nəticə Ukraynanın dünya çempionatına vəsiqə uğrunda apardığı mübarizədə turnir cədvəlindəki mövqeyinə ciddi zərbə vurub.
Məlumatda bildirilir ki, autsayder hesab edilən bir rəqibə qarşı xal itirilməsi azarkeşlər arasında narazılıq dalğası yaradıb. Bir çox fanatlar sosial şəbəkələrdə komandaya qarşı narazılıqlarını bildiriblər.
Onlar hesab edirlər ki, Azərbaycanla matçda maksimum nəticə əldə olunmalı idi.
Sergey Rebrov oyundan sonra keçirilən mətbuat konfransında azarkeşlərdən üzr istəsə də, fanatların əksəriyyəti narazılığını birbaşa onun İnstagram səhifəsində bildirməyə qərar verib.
Baş məşqçinin son paylaşımının altında onlarla şərh yer alıb, onların çoxu "Zəhmət olmasa, istefa verin" kimi çağırışlardan ibarət olub.
Tənqid dalğasının qarşısını almaq üçün Rebrov paylaşımlarına şərh yazma imkanını məhdudlaşdırıb. Onun səhifəsinin ekran görüntülərində paylaşımların altında şərhlərin bağlandığına dair bildirişlər görünür.