
Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan və Bakıda məhkəməsi davam edən ermənilərin Ermənistana təhvil verilməsi məsələsi təkrar gündəmə gətirilib.
Lakin rəsmi Bakının İrəvana bu mövzuda mövqeyini qəti şəkildə bildirdiyi, həmin şəxslərin buraxılmasının mümkün olmadığını vurğuladığı qeyd olunur.
Məlumata görə, Azərbaycan tərəfi ümumiyyətlə bu mövzunun beynəlxalq səviyyədə qaldırılmamasını tələb edib.
Həmçinin İrəvan hökumətinin də sözügedən şəxslərin qaytarılmasını istəmədiyi, sadəcə 2026-cı il parlament seçkiləri öncəsi ictimaiyyətin dəstəyini qazanmaq üçün bu məsələyə toxunduğu vurğulanır.
Globalinfo.az-a danışan politoloq Elşad Həsənov bildirib ki, Ermənistan 8 avqustda sülh müqaviləsinin paraflanmasına dair Azərbaycanla imzalanan sənədi ratifikasiya edib:
“Vaşinqton Bəyannaməsi imzalandı, Zəngəzur dəhlizinin açılması üçün “Tramp marşrutu” ilə bağlı razılıq əldə edildi. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun ləğvi üçün birgə müraciət etdilər, nəticədə o da yerinə yetirildi. Minsk qrupunun ləğvindən sonra qüvvədə qalan əsas məsələ Ermənistan Konstitusiyasının dəyişdirilməsidir.
Nikol Paşinyan həmin görüşdə ABŞ Prezidenti Donald Trampdan Bakıda məhkəməsi davam edən erməni hərbi cinayətkarların azad olunmasını xahiş etmişdi. Lakin Paşinyan bunu öz istəyi ilə etmir, anlayır ki, həmin şəxslər əslində onun özünə qarşıdırlar.