"Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov UEFA-nın Klub Yarışların Təşkili Komitəsinin növbəti iclasında iştirak edib.
Tədbir İngiltərənin paytaxtı Londonda keçirilib.
Əsgərovun üzvü olduğu komitənin toplantısında 2024-27-ci illərdə keçiriləcək yarışlarla bağlı media, kommersiya satışlarındakı yeniliklər müzakirə olunub. Komitə üzvləri avrokuboklara qatılmayan klublara maliyyə yardımı, qonaq komandalara ayrılan biletlərin maksimal qiyməti barədə fikir mübadilələri aparıblar.
Yığıncaqda turnirin qalibinin öz ölkəsinə əlavə yer qazandırdığı vaxt klub bölgüsünün yenidən balanslaşdırılması məsələləri müzakirəyə çıxarılıb.
Əsgərovun qatıldığı tədbirdə DÇ-2026 və klublararası DÇ-2025-in digər turnirlərə, həmçinin komandalara təsiri ilə bağlı müzakirələr də aparılıb.
Tədbir iştirakçıları yeni sponsorlarla iş prosesinin gedişi, təsdiqlənmiş və davam edən tərəfdaşlarla danışıqların aparılması prosedurları ilə tanış olublar.
Əsgərov komitənin digər üzvləri ilə birlikdə Çempionlar Liqasının “Uembli”də keçirilən “Borussiya” (Dortmund, Almaniya) – “Real” (Madrid, İspaniya) oyununu (0:2) izləyib. O, UEFA-nın finala dəvət etdiyi ali qonaqlar arasında yer alıb.
O, burada AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovla qarşılaşıb. A.Əsgərovu görmək fürsətini qaçırmayan keçmiş federasiya rəhbəri onunla şəkil çəkdirib.
“Qarabağ“ın funksioneri yazıb: “Ölkəmizin daha çox təmsilçisi olmalıdır. Həm kəmiyyət, həm də keyfiyyət baxımından çox iş var“.
SPORTİNFO.AZ


