Yeni klub tapan Azərbaycan millisinin hücumçusu iki seçim qarşısında

15:00 Gündəm 231
Yeni klub tapan Azərbaycan millisinin hücumçusu iki seçim qarşısında

Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasını yenidən Polşada davam etdirəcək.

Bu barədə Polşanın sportowefakty.wp.pl saytında jurnalist Kamil Qlenbotski məlumat yayıb.

Onun sözlərinə görə, 28 yaşlı futbolçu artıq agenti ilə birlikdə Polşadadır və “Rakuv”la danışıqlar aparır.

Jurnalist tərəflər arasında razılığın əldə olunmasının çox böyük ehtimalla baş tutacağını bildirib.

“Rakuv” 2026/27 mövsümündə Polşanı Konfrans Liqasında təmsil edəcək.

“Mahir Emreli “Rakuv”la danışıqlar aparır. Futbolçu dünən agenti ilə birlikdə Polşaya gəlib.

Görüşlər davam edir və razılaşma çox real görünür. “Legiya”nın sabiq oyunçusu “Rakuv”un layihəsinə inanır. Yaxın günlərdə konkret yeniliklər gözlənilir” - Qlenbotski qeyd edib.

Transfer baş tutarsa, Emreli bir neçə illik fasilədən sonra Polşa Ekstraklasasına qayıdacaq. Hücumçu 2021/22 mövsümündə “Legiya”nın heyətində çıxış edib.

Onun Varşava klubundakı karyerası azarkeşlərin komanda avtobusuna hücumundan sonra yarımçıq başa çatıb.

Bundan sonra Mahir “Dinamo”da (Zaqreb) oynayıb, daha sonra isə Almaniyaya yollanıb. O, ötən mövsüm “Kayzerslautern”in heyətində 12 çempionat oyununda meydana çıxaraq 1 qol vurub.

“Rakuv” Azərbaycan futboluna tanış rəqibdir. 2023/24 mövsümündə bu komanda Çempionlar Liqasının 2-ci mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.

Sportinfo.az-a daxil olan son dəqiqə məlumatına görə, “Kayzerslautern” Mahirin “Rakuv”la danışıqlar aparmasına icazə verib.

II Bundesliqa təmsilçisi onlarla müqaviləsi 2028-ci ilin yayında bitəcək forvardla bağlı qarşı tərəfə iki təklif irəli sürüb - onu icarəyə götürə də bilərsiz, birbaşa transfer də edə bilərsiz.

Emrelinin Polşaya yollanmaqda məqsədi bütün şərtləri yerində danışmaq, eyni zamanda klubun şəraiti ilə yaxından tanış olmaqdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti