“Neftçi” çətin Yevlax səfərindən qələbə ilə qayıtmağı bacardı.
İlk yarım saatdakı gedişat qonaqların ürəyincə olmasa da, hissənin sonlarına yaxın vuurulan qol “ağ-qaralar”a inam gətirdi.
Fasilədən sonra vurulan daha 2 qol və “Neftçi”nin “Karvan-Yevlax” üzərində qələbəsi.
Sportinfo.az-a müsahibə verən bakılıların müdafiəçisi Elvin Bədəlov sualları cavablandırıb.
- Növbəti qələbəni qazandınız. Əhəmiyyəti nədən ibarətdir?
- Süni örtükdə, alışmadığımız hava şəraitində vacib qələbə qazandıq. Bu gün üçün əhəmiyyəti turnir cədvəlindəki yerimizi qorumaqdır. Lakin qarşıda bizi daha üç çətin matç gözləyir. Bu cür davam etməklə avrokuboklara vəsiqə qazanmaq istəyirik.
- Xüsusən ilk yarım saatda çətinlik çəkdiyiniz hiss olunurdu. O anlarda xal itirmək qorxusu yaranmışdı?
- Qətiyyən yox idi. Meydana uyğunlaşmaq üçün vaxta ehtiyac duyurduq. Uyğunlaşma prosesi bir az vaxt apardı. Bilirdik ki, hesabı açsaq, davamını gətirəcəyik. Belə də oldu. İkinci hissədə oyuna nəzarəti əlimizdə saxlamaqla lazım olan qolları vurduq.
- “Neftçi”də nə dəyişib?
- Komanda yeni yığılanda zamana ehtiyac duyulur. Yayda hamı eyni vaxtda gəlməmişdi deyə, ilk gündən bir yerdə ola bilməmişdik. Həm insan, həm də futbolçu kimi bir-birimizi tanımaq üçün vaxt lazım idi. Bu proses müəyyən vaxt apardı. Qış toplanışında hamı bir-birinə bir az da yaxınlaşdı, çatışmazlıqları görüb, aradan qaldırmağa çalışdıq. Daha çox birlikdə olmağımızın xeyrini görməkdəyik. Bununla əlaqələndirərdim, başqa səbəb görmürəm.
- Növbəti rəqibləriniz “Şamaxı”, “Sabah” və “Kəpəz”dir. 9 xal toplamağınıza kim, yaxud nə mane ola bilər?
- Hər biri ağır rəqibdir. Önəmli olan öz oyunumuzu göstərməkdir. Xüsusən motivasiya yerində olmalıdır. Oyuna düzgün köklənəndə istədiyimiz futbolu göstərə bilirik. Hər biri təhlükəli rəqibdir. Diqqətli və məsuliyyətli olmalıyıq. İndiki vəziyyət bizdə arxayınlıq yaratmamalıdır. Çünki hələ heç nə etməmişik. İnanıram ki, 3 oyunda 3 qələbə olacaq.
HƏBİB

