Bu gün “Qarabağ”ı udmasalar... “Quyruq”da vəziyyət kritikdir!

15:00 Qəbələ 119
Bu gün “Qarabağ”ı udmasalar... “Quyruq”da vəziyyət kritikdir!

“Kəpəz” cari mövsümün növbəti sensasiyasına imza atdı.

Elitada qalmaq uğrunda mübarizə aparan Gəncə təmsilçisi “Qarabağ”ı iki dəfə üstələyəndən sonra bu dəfə “Sabah”ı uddu – 1:0.

Premyer Liqada 27, ümumilikdə 32 oyunda uduzmayan “tələbələr”in uğurlu seriyasını məhz “Kəpəz” qırdı.

Bu qələbə təkcə “Sabah”ın seriyasının qırılması deyil, həm də qərb təmsilçisinin qarşıya qoyulan hədəfin – yüksək liqada qalmaq tapşırığının öhdəsindən böyük ölçüdə gəlməsidir.

Beləliklə, “Bank Respublika Arena”da 3 xal aktivinə yazdıran “Kəpəz” 31 turdan sonra xalların sayını 27-yə yüksəldib, 10-cu pillədəki mövqeyini bərkitdi. İndiki məqamda “Kəpəz” “Qəbələ”ni 7 xal qabaqlayır.

Bu gün Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşündə meydan sahibləri qələbə qazana bilməsə, “Kəpəz”in Premyer Liqada qalacağı dəqiqləşəcək.

Hətta heç-heçə belə, gəncəlilərin əhvalını korlamayacaq. Çünki Qəbələdəki mümkün bərabərlik də “sarı-göylər”in növbəti mövsümdə elitada mübarizə aparması anlamına gələcək.

“Qəbələ” “Qarabağ”ı uda bilməsə, o zaman 11-ci yeri qorumaq üçün mübarizə aparacaq. Bu pillənin sahibi mövsümün yekununda I Liqanın 2-cisi ilə bir oyundan ibarət pley-off duelinə çıxacaq.

11-ci yeri qorumağın özü belə kifayət qədər çətin görünür. Məsələn, qəbələlilər ağdamlılara məğlub olsa, “Karvan-Yevlax” Tovuz səfərindən qələbə ilə qayıtsa, autsayderlərin arasındakı xal fərqi 3-ə enəcək.

32-ci turda azarkeşlər “Karvan-Yevlax” – “Qəbələ” oyununa şahidlik edəcək. Həmin matçda yevlaxlıların mümkün qələbəsi ilə xallar bərabərləşə, sonuncu turun matçları ölüm-qalım savaşına çevrilə bilər.

Odur ki, 10-cu yeri böyük ölçüdə əldən verən “Qəbələ” bu gün “Qarabağ”dan heç olmasa 1 xal qoparmalıdır ki, pley-off məsələsini rəsmiləşdirsin. Mümkün 1 xal və “Karvan-Yevlax”ın “Turan Tovuz”a uduzması fonunda çempionatın “quyruğundakı” vəziyyətə aydınlıq gətirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti