Uduzmağı da bacarmırlar

6 Aprel 2024 14:00 Gündəm 2 357
Uduzmağı da bacarmırlar

Kişi kimi uduzmaq ifadəsini eşitmisiniz yəqin.

Bu, bilirsiniz necə olur?

Komanda meydanda mübarizə aparır, rəqibi ilə hansısa keyfiyyətdə bacarmır və məğlub olur.

Uduzandan sonra da hansısa futbolçu mətbuat nümayəndələrinin qarşısına çıxıb, şərh verir, səbəb göstərir, azarkeşlərdən üzr istəyir.

Bəlkə də yeganə komanda “Neftçi”dir ki, bu komandanın formasını geyinənlər uduzmağı bacarmırlar. Az qala hər dəfə məğlub olduqları matçdan sonra ya başlarını papaqla bağlayıb, ya da qafalarını aşağı salıb avtobusa qaçırlar.

Müsahibə vermək üçün çağıranda isə əksər vaxtlarda eşitməməzlikdən gəlirlər. Ən yaxşı halda danışmaq istəmədiklərini deyirlər.

“Qarabağ”a 0:4 hesablı yenilgidən sonra Kilan Lebon, Emin Mahmudov, Alfa Konte müxtəlif üsullarla diktofon önünə keçməkdən boyun qaçırdılar.

Müsahibəyə 1-2 nəfər razılıq verdi. Qara Qarayev, Yuri Matias, Eddi İsrafilov, Filip Ozobiç isə ümumiyyətlə gözə dəymədi. Çox güman, yerlatı qarajda saxladqları minik vasitələri ilə “qaçdılar”.

Sözsüz, jurnalistlərin işini asanlaşdırmaq üçün klubun mətbuat xidməti hansısa mənada köməklik göstərməlidir.

Maşallah, “Neftçi”nin Mətbuat Departamentində bir avtobus işçi çalışır. Hansısa birini miks-zona üçün ayırmaq olar ki, futbolçuları müsahibələrə dəvət etsin.

Ancaq istənilən halda bu məsələdə məsuliyyəti futbolçular daşıyır. Adamlar biabırçı yenilgiyə görə azarkeşlərdən üzr istəyib, gələcəyə ümid verən söz deyə bilmirlərsə, demək ki, peşəkarlıqdan uzaqdırlar.

Peşəkar idmançı uduzmağı bacarır. Ya da bacarmalıdır.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu