Rövşən Nəcəf SOCAR-dakı müşavirini də “Neftçi”dən AFFA-ya gətirir?

1 Aprel 10:40 Gündəm 1 683
Rövşən Nəcəf SOCAR-dakı müşavirini də “Neftçi”dən AFFA-ya gətirir?

“Neftçi”rəhbərliyində növbəti ayrılıq rəsmiyyət qazanıb.

Zaur Qəhrəmanov Müşahidə Şurasının üzvü vəzifəsindən istefa verib.

Bu barədə onun özü sosial şəbəkə hesabında məlumat paylaşıb, lakin qərarının səbəbini açıqlamayıb:

"Təyin olunduqdan düz 9 il sonra doğma "Neftçi" klubumuzun Müşahidə Şurasının üzvü vəzifəsini tərk etməyi qərara almışam.

İllər öncə bu uzun və şərəfli yola çıxmışdıq. Yıxıldıq və ayağa qalxdıq, amma əsas məqsədimizə, yəni, "Neftçi"mizi Azərbaycan futbolunun zirvəsində öz layiqli yerinə qaytarmaq üçün heç vaxt dayanmadıq.

Qüdrətli və demək olar ki, yenilməz rəqib ("Qarabağ"ı nəzərdə tutur-red) dövründə bu, çox çətin bir iş idi.

Xoşbəxtəm ki, uzun illərdən sonra klubumuzu maliyyə böhranından qorumaq və bütün borclarını bağlamaq, 2020/2021-ci il mövsümünün çempionluğunu qazanmaq, akademiyada gələcək üçün islahatlar aparmaq və uşaqlarımıza şans vermək, respublikada ilk klub televiziyası yaratmaq və real sponsorluq müqavilələrini imzalamaq kimi nailiyyətləri birlikdə bacardıq.

Təəssüf ki, daha çox görünən uğursuzluqlar oldu. Yerinə yetirilməmiş ümidlər üçün üzgün olmağımı vurğulamaq istərdim.

Deyə bildiyim qədər - qeyd olunan işlər planlaşdırdıqlarımızın 20-25 faizini təşkil etdi. Qalanları haqqında əgər o, nəvaxtsa dərc etmək qərarına gəlsə, xatirələrində Çingiz Abdullayevin yazmağını xahiş edəcəm.

Fürsətdən istifadə edərək, klubumuzda işləmək şərəfini bölüşmək şansım olan hər kəsə - keçmiş və indiki Müşahidə Şurası üzvlərinə, bütün baş direktorlar və prezidentlərə, baş məşqçilərimizə və futbolçularımıza, bu çətin yolda bizə kömək edən azsaylı altruistlərinə və əlbəttə ki, klubda çalışan görünməz qəhrəmanlara dərin təşəkkür etmək istəyirəm.

Hər birinizə xatırlamaq istəyirəm ki, bizi birləşdirən ağ qara qanımızdır! Bir kəs "Neftçi"li, həmişə "Neftçi"li!".

Zaur Qəhrəmanov daha əvvəl “SOCAR Türkiyə”nin baş icraçı direktoru olub. O, ötən il vəzifəsindən azad edilərək, SOCAR prezidentinin müşaviri postuna gətirilib.

«Neftçi»nin Müşahidə Şurasında növbəti dəfə dəyişiklik olacaq. Sabah AFFA-da seçkilərdir. Rövşən Nəcəf klubu federasiyaya dəyişəcək və aprelin 2-dən etibarən yeni işinin icrasına başlayacaq.

Belə ehtimal edirik ki, Z.Qəhrəmanov da paytaxt təmsilçisini AFFA-ya dəyişməyə hazırlaşır. Ya da ki, ümumiyyətlə, futboldan birdəfəlik gedəcək, neft şirkətindəki işləri ilə fəaliyyət dairəsini məhdudlaşdıracaq.

Birinci variant gerçəkliyə daha yaxın görünür. Nəcəf SOCAR-dakı müşavirini AFFA-ya aparsa, gözünüzü bərəltməyin, mat-qutunuz qurumasın.

Ola biləcək şeydir. Hər halda Qəhrəmanovun pis-yaxşı futboldan başı çıxır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti